Müşfiq XAN
Senet.az "Sayrışan sətirlər" adlı yeni rubrikaya start verir. Layihə çərçivəsində əsərlərdə müəllifə aid seçmə sitatlar oxuculara təqdim ediləcək.
Müəllif Şəmil Sadiq. 37 yaşı var. “Qana qan qarışdı” dram və hekayələr, “Bu türk daha o türk deyil” şeirlər, “Hüseyn Cavid yaradıcılığı” monoqrafiyası, “Ümidlərin izi ilə” (həmmüəllif), “Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər” və “OdƏrlər” romanının müəllifidir. “Arvadsız kişi” Şəmil Sadiqin 2015-ci ildə çap olunmuş və 13 hekayəsini birləşdirən kitabdır.
"Mən ölmüşdüm" hekayəsindən
O, mənim yoxluğuma, mən də onun varlığına ağlamağa başladım.
*
Mənim ölümümmü faciə idi, yoxsa onun yalqızlığımı? Bunu bilmirdim.
*
Nə cəhənnəm, nə də cənnət mələklərindən bir xəbər var idi. Yaman darıxdım. Sən demə, ölmək belə şey imiş.
*
Adam öləndən sonra ağıllanır.
"İki balon qızıl" hekayəsindən
Öz başını yeyəsən, bir gün elə bu asqırmaqdan öləcəksən.
*
İndiyə qədər haram yolla qazandığı haqqını kiməsə yedirməmişdi.
*
Pulları əmin əldə olduğu üçün gecələr elə rahat, elə mışıl-mışıl yatırdı ki, heç yediyi haramların səsini belə eşitmirdi.
*
Bayramqulu qocaldı, amma pullara olan inamı, məhəbbəti qocalmadı – o qiymətli kağızlar qiymətsiz kağıza çevrildi və heç bir işə yaramadı.
Şəmil Sadiqin “Arvadsız kişi”si
On üç hekayədən ibarət kitab illərin sınağından keçmiş sevginin ön plana çəkildiyi “Mən ölmüşdüm” hekayəsi ilə açılır. Sonluq gözlənilməzdi – Əliqulu həyat yoldaşı Səkinənin ölümünə bircə gün dözə bilmir. Zeynəbin misalında ikiüzlü insanlar, Moll Vəlinin timsalında cəmiyyətin üzqarasını görmək mümkündü. Səkinənin ruhunun real həyatdakı insanların söhbətlərini eşitməsi, davranışlarına şahid olması əslində insançün uyarıdır – verilən həyatı dürüst yaşa. Təxminən keçən həftə “YUĞ” teatrında tamaşaya qoyulan Rövşən Ağayevin “13” dramındakı “Qocalıq insanın bu həyatdakı cəzasıdır” mesajı kimi. Kitabdakı uğurlu hekayələr sırasına “İngilisin iti”ni də əlavə edirəm. Müəllifin gəlmələrlə yerlilər arasında maraqlı paralellər aparıb. Bu müqayisələrin ironik üslubda olması hekayənin oxunaqlığını artırıb, mətnə bir şirinlik qatıb. “İki balon qızıl”da Bayramqulunun qisas almaqçün quraşdırdığı oğurluq səhnəsi fikrimcə natamam detektiv səhnədi. Təəssüf ki, müəllif sona qədər aparıb-çıxartmayıb. “Arvadsız kişi” hekayəsi bu kitabın adını daşıyacaq qədər məna yükü daşımasa da, epiqraflarlar çox uğurludu. Hətta epiqrafın hekayəsinin sonu ilə birə-bir səsləşməsini ayrılıqda kiçik bir hekayə kimi maraqla oxumaq olardı. “Ərzincan” hekayəsini müəllif tələsik işləyib. Başına gəldiyi, yaxud şahidlik etdiyi hadisə olduğu daha aydın hiss olunur – mətndə yorucu sinxronluq cizgiləri bir hekayə üçün çoxdu. Məncə, müəllifin könülsüzcə hekayənin sonunda uydurduğu hadisəni ön plana çəkib, işləmək daha yerinə düşərdi. “Donmuş ilham pərisi” İlhami Algörün “Fakat Müzeyen bu derin bir tutku” romanındakı qəhrəmanı xatırlatdı – yaşam tərzi doğmadı. Şairin özüylə, vicdanıyla, ilham pəriləriylə dialoqları düşündürücüdü – əslində o tənhadı, amma ailəsi bunu hiss etmir. “Pıllı əminin sərgüzəştləri” sərlövhəsi ilə verilən üç hekayə “Sürpriz qız” və “Səriştəli fırıldaqçı” hekayələri ilə müqayisədə daha maraqlıdı. “Gözü ilə görən”də gənc həyat yoldaşını başqa kişi ilə yataqda tutan Ustad obrazının arvadından eşitdiyi ittiham-tənbeh dəhşətlidi. Müəllif “Sürpriz qız” hekayəsində Həsən müəllimin yaş fərqinin münasibətlərə, xüsusilə sevgililərin sonrakı aqibətinə baxış bucağını üstüörtülü izah etsə də, “Gözü ilə görən”də cəmiyyətdə – çox fərqlənən yaş mənsubları qadın və kişinin izdivacının fəsadlarına işıq tutur, sevgiyə qarşı yönəldiyi zənn edilən bu tabunu müdafiə edir. Və ən nəhayət “Qazinin ayağı” hekayəsi – bu kitab vahid süjet xəttinə malik olsaydı, heç şübhəsiz “Qazinin ayağı” kulminasiya nöqtəsi olardı. Ayrıca bir əsər olaraq da çox uğurlu hekayədi. Kənanın düşüncələri şəklində verilən təhkiyə düşündürücüdü, ibrətamizdi və bunların hamısının başında acı gülüşlə-əzabın ustalıqla verilmiş sintezidi. Fikrimi “Qazinin ayağı” hekayəsinin bir kitablıq məna yükünə bərabər abzasla tamamlayıram. “Səhər Kənan yenə qara baxıb ayağını xatırlayacaqdı. Xatırlamaq ona yaman əyləncəli gəlirdi. Bu düşüncələr içində evə qayıtmağı fikirləşirdi ki, qapı açıldı. Bir nəfər salam verib maşına oturdu. “Ağdama sür”, – dedi, – bir az yaxşı sür. Qardaşımın ayağı maşın altında qalıb, əzilib. Kəsməyə hazırlaşırlar. Xahiş edirəm, təcili məni Ağdama çatdır”. Kənan bunu eşidəndə gülümsəsə də, müştərisi hiss etmədi. Və o, indi Ağdama ayağının dalınca gedirdi...Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür