Tofiq Bayram
Qadın ürəyi
Necə rəhmlidir, necə amansız,
Necə mehribandır, qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi!
Güldürsən ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, zərif duyğunun, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.
Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi.
Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə
Ən şirin dərmandır qadın ürəyi.
Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti, gülsə də üzdən.
Bəzən uşaq kimi ən ürəksizdən
Məhəbbət umandır qadın ürəyi.
Bir namərd əlindən zəhər içəndə,
Çürüdər ömrünü o, yas içində.
Bəzən ən qiymətli libas içində
Nalədir, fəğandır qadın ürəyi.
Ömrə zinət verən, səadət quran,
Sevənin qəlbini nurla dolduran,
Isməti bir nəsli göyə qaldıran,
Eşqə hökmrandır qadın ürəyi.
Sənsiz əl çəkərəm arzudan, kamdan,
Nə çıxar sevgisiz – sənsiz ilhamdan?
İncitsən, dözərəm, Tofiq Bayramdan
İncimə, amandır, Qadın ürəyi!…
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür