senetaz

Həsən Əliyev 80 D

08 İyul 2024 2248

"Studentlər" romanı tariximizin güzgüsü kimi - Tağıyev - Behbudov davası

"Studentlər" romanı tariximizin güzgüsü kimi - Tağıyev - Behbudov davası

Özünəməxsus yaradıcılıq dəst-xətti ilə seçilən görkəmli yazıçı və diplomat Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) XX əsr Azərbaycan nəsri tarixində ilk intellektual mövzulu əsər sayıla biləcək "Studentlər" romanını yarım əsr bundan əvvəl - universitet tələbəsi olduğum dövrdə oxumuşdum.

Təbii ki, əvvəla, mənim o zamankı məlumat və bilik səviyyəm, eləcə də Vətən tarixinə bələdliyim (bu isə obyektiv səbəblərə görə yalnız özümdən asılı məsələ deyildi) əsəri bütün tutumu, əhatə dairəsi və dolğunluğu ilə qavramağa yetərli deyildi. Digər tərəfdən həmin dövrdə oxuduğum nəşrin ixtisardan xali olduğuna da əmin deyiləm. Çünki söhbət rəsmi ideologiyadan gedəndə sovet senzurası klassik mətnin toxunulmazlığı, sənətkar mövqeyinə hörmət və s. yaradıcılıq, əxlaqi-mənəvi anlayış məsələlərinə heç bir əhəmiyyət vermir, mətn üzərində istədiyi növ "redaktə" aparırdı. Sovet oxucusunda sual doğura bilən epizod və səhnələr, personajların fərqli fikir və mülahizələri senzor qayçısından yan keçə bilmirdi.

ki il yarım əvvəl, Azərbaycanın Ukraynadakı keçmiş səfiri, Xalq yazıçısı Elmira Axundovanın təşəbbüsü ilə "Studentlər"in Ukrayna dilində çıxan ilk nəşrinə ön söz yazmalı oldum. Bu münasibətlə romanı yenidən, artıq müəyyən gizlinlərə bələdlik zəminində, daha diqqətlə oxudum. Etiraf edim ki, vaxtı ilə sadəcə bədii əsər kimi mütaliə etdiyim "Studentlər"lə növbəti təmas zamanı qarşımda yeni bir mənzərə açıldı. XX əsrin inqilablar, ictimai-siyasi və mədəni-mənəvi təlatümlərlə zəngin ilk iki onilliyinin rəngarəng, ziddiyyətli panoramı fərqli rakursda gözlərim önündə canlandı. 120 il əvvəlki Azərbaycan gəncliyinin toplu portretini gördüm, onları məşğul edən, düşündürən fikir və əməllər dünyasına səyahətə çıxdım.

Aralarında müxtəlif siyasi mövqeyə, çeşidli intellektual və mənəvi keyfiyyətlərə, dəyişik sosial zəminə malik şəxslər olsa da, Kiyevdə təhsil alan azərbaycanlı tələbə mühiti əksəriyyət etibarı ilə işıqlı təəssürat yaradır. Mülahizələrindən, hərəkətlərindən də göründüyü kimi, çoxunun istəyi, məramı bilik və mənəviyyatının imkan verdiyi dərəcədə yurd təəssübü üzərində köklənib. Azərbaycan türklərinin sayca üstünlüyünə, torpaqlarının zənginliyinə, tarixlərinin qədimliyinə rəğmən, Cənubi Qafqazda aparıcı mövqe tuta bilməmələri onların izzətini-nəfsini təhqir edir. "Yox millətimin xətti bu imzalar içində!" xiffəti ilə kədər və qüssəyə qərq olsalar da, ruhdan düşmürlər. Bu imzanı atmaq üçün məhdud təcrübə və imkanları daxilində bacardıqları işləri görməyə, ən azı tələbə mühitində ictimai fikri hərəkətə gətirməyə can atırlar.

Bir araya gələndə boş lağlağıdan daha çox dindən, siyasətdən, sinfi mübarizədən, erməni millətçilərinin "müsəlman" əhaliyə iddialı-düşmən münasibətindən danışırlar. Pədərşahi-patriarxal yaşam tərzinin xalqın ayağında buxova, irəliyə doğru hərəkətində maneəyə çevrildiyini, "zindəganlıq cəngində" (H.Zərdabi) təhsil və mədəniyyətin rolunun günbəgün artdığını yaxşı başa düşürlər. Kiyevdən Bakıya maarif işığı, oyanış və tərəqqi siqnalları göndərmək üçün milli birlik ocağı - "müsəlman tələbələrin" Zemlyaçestvosunu (həmyerlilər təşkilatı) yaradırlar. Türk-müsəlman qadınlarının gerçək azadlıq yolları haqda düşünürlər. Dayaqları çürümüş çarizmin günün birində süqut edəcəyini anlayaraq milli muxtariyyət fikri ilə yaşayırlar. Fəhmlə, təxminlə də olsa, müstəqil dövlət qurmaq imkanı yarananda ermənilərin öz xəbis əməlləri ilə Azərbaycana və azərbaycanlılara quyu qazacağının fərqinə varırlar. Ona görə bir qədər təhtəlşüur şəkildə olsa da, müasir beynəlxalq hüququn "remedial secession" - "xilas naminə ayrılmaq" adlandırdığı vasitə - hərənin öz milli mənzilinə çəkilməsi ilə bağlı fikir mübadiləsi aparır, iki qonşu xalqın muxtariyyətinin yalnız bu yolla mümkün olacağına inanırlar. 1905-ci ildə Cənubi Qafqazda erməni-müsəlman qarşıdurmasının başlanmasını çap hökumətinin gələcək milli istiqlal fikirlərinin qarşısında çəkməyə çalışdığı keçilməz divar sayırlar. Ermənilərin bu azadlıq mübarizəsində mənfəətləri naminə çar hakimiyyətinin əlində alətə çevrildiyini yaxşı anlayırlar.

Romandakı hadisələr tarixə ayrı-ayrı ekskurslar istisna olunarsa, təxminən 1910-1915-ci illəri əhatə edir. Kiyevdəki azərbaycanlı tələbələr, xüsusən də onların müəyyən milli əqidəyə malik, ictimai baxımdan fəal nümayəndələri Vətəndə baş verən hadisələri diqqətlə izləyir, təhlil edib dəyərləndirməyə çalışırlar. Ad çəkmədən, daha doğrusu, bir qədər dəyişdirilmiş ad və soyadlar əsasında ayrı-ayrı gerçək şəxslər və onların fəaliyyəti müzakirə obyektinə çevrilir, mühüm hadisələrə münasibət bildirilir.

Məlumatsız oxucu bəlkə də belə epizodlara ümumi süjet xəttinin bir hissəsi, yaxud roman qəhrəmanlarının sərbəst mülahizələri kimi baxa bilər. Dövrün hadisələri kontekstində götürdükdə isə burada bəlli tarixi kəsimdə cəmiyyət həyatındakı real hadisələrdən, real şəxslərdən söhbət getdiyini, cəmiyyətin onların hərəkətlərinə pozitiv, yaxud neqativ münasibətinin nümayişini görməmək olmur.

Yusif Vəzir Kiyev Universitetində tələbəlik dövründə (1911)

Məsələn, əsərdəki personajlardan biri - Cəlal söhbət əsnasında tələbə dostlarına son zamanlarda Bakıda cərəyan edən və şəhər əhalisinin diqqətini çəkən qəribə olaylardan söz açaraq deyir: "Mənim bədbin olmağa haqqım var, çünki savadsız bir milyoner türk ziyalısını rüsvay edir, özü də ziyalılar əli ilə. Məsələ də ziyalılar arasında olan, ziddiyyətdən doğur. Bilirsiniz ki, 1905-dən başlayaraq Ağabəyin şöhrəti Azərbaycanda artmağa başlamışdı. Bu adam biri türkcə, biri rusca Bakıda gündəlik iki qəzet nəşr edirdi, bir çox cəmiyyətin başında durmuşdu, "Difai" kimi Azərbaycana muxtariyyət tələb edən komitə də bunun işi idi. Qoçuluğu qaldırmaq üçün "Hidayət" cəmiyyəti təşkil edən də Ağabəy idi. Bu adamın nüfuzunu təsəvvür ediniz: sünnilərlə şiələri barışdırmaq üçün Şəkiyə gəldikdə şəhərin bütün əhalisi onu qarşılamağa çıxmış və "La-ilahə-illallah, Ağabəy rəsulillah", - deyə bağırmış. Ağabəyin bu nüfuzu millətpərəstliyi inhisarında saxlamağa qalxışan Əliyarbəyi rahat buraxmırdı. Əliyarbəy Tağıyevin sadiq qullarından idi və onun naşiri-əfkarı olan rusca "Kaspi" qəzetəsinin başında dururdu. Əliyarbəy Tağıyevin kapitalına istinad etdiyi kimi, Ağabəy də milyoner Murtuza (Murtuza Muxtarov nəzərdə tutulur - V.Q.) söykənirdi. Rəqabət sahəsində bir-biri ilə çarpışan milyonerlərlə bərabər, onların ətrafına toplanan ziyalılar da çarpışırdı. Millətpərəstliyə baxırsınızmı?.. Behbudov məsələsi Əliyarbəyin düzəltdiyi bir intriqa idi. O zaman Bakıda məktəb, teatr, mətbuat, cəmiyyətlər sahəsində işləyənlərin əksəri Qarabağdan gəlmə ziyalılar idi. Ağabəy və Behbudov da qarabağlı idilər. Əliyarbəy millətpərəstlik inhisarını əldə etmək üçün ortaya bir bakılı-qarabağlı məsələsi saldı. Həm də bunun təməlini "Bakı padşahı" Tağıyevin evində atdı. Nəticədə Əliyarbəy Ağabəy dəstəsinə qələbə çaldı... Qəribə burasıdır ki, Əliyarbəyin özü tiflisli idi..."

Rüstəm bəy onun sözlərinə qüvvət verərək deyir: "Bəs nə? Axırda Behbudov Qarabağa getməyə məcbur oldu, Ağabəyi əvvəl klubda döydülər, sonra Tağıyev çağırıb Qafqazı tərk etməsini tələb etdi. Ağabəyin Türkiyəyə fərar etməsinin səbəbi budur. Əli bəy Hüseynzadənin "Füyuzat" jurnalını Tağıyev nəşr edirdi, Sultan Əbdülhəmidin işarəsinə görə Tağıyev bu jurnalı qapamışdı. Türkiyədə hürriyyət elan olunar-olunmaz Hüseynzadə də oraya getdi... Mənim eşitdiyimə görə, Ağabəyin Qafqazdan getməsinin səbəbi "Difai" məsələsi olmuş, çünki "Difai" terror gücü ilə zənginlərdən pul tələb etməyə başlamışdı. Hətta Musa Nağıyevi oğurlayıb, yüz min manat aldıqdan sonra buraxmışdılar. Təbiidir ki, Tağıyev təşvişə düşmüş və Ağabəyin getməsini tələb etmiş. Yadımdadır, Ağabəy Şuşaya gəlmişdi. Orada "Difai" komitəsi təşkil etmək istədi, tacirlər əvvəl etiraz etdilər. Bir axşam camaatı Gövhər ağa məscidinə topladı. Birinci erməni-türk vuruşmasından bir az keçmişdi. Vəziyyət olduqca gərgin idi. Ermənilər şəhərdən altmış araba arvad-uşaq toplayıb, başqa şəhərlərə göndərmişdilər, yeni vuruşmaya hazırlaşdıqları duyulurdu. Doğrudan da, bir il sonra şiddətli vuruşma oldu. Belə həyəcanlı bir zamanda Ağabəyin şəhərə gəlməsi kimi fərəhə, kimi də qayğıya salmışdı. Ağabəy məsciddə uzun bir nitq söylədi, Şuşanın Zaqafqaziya türkləri üçün böyük mənası olduğunu anlatdı, dedi: "Şuşa bir qaladır, bura əldən getsə, çoluq-çocuğumuzu götürüb, Arazı o taya keçməkdən başqa bir çarəmiz qalmır..." Sonra "Difai" məsələsini açdı və gizli bir təşkilat yapacağını söylədi. Tacirlər əl-ayağa düşdülər, terror gücü ilə pul tələb edilməsindən qorxub, razılıq vermədilər. Ağabəy əsəbi bir adamdır, küsüb getdi. Sabah tezdən camaat tökülüb qapısına gəlmişdi, on mindən artıq adam vardı. "Bizi hara qoyub gedirsən?" - deyə bağırışırdılar. Nəhayət, Ağabəy komitə təşkil etməmiş getməyəcəyini bildirib, camaatı sakit etdi".

Başqa bir tələbə Ağabəyin mübarizə üsulunu, xüsusi ilə müsəlman birliyinə nail olmaqla bağlı düşüncələrini qəbul etmədiyini bildirərək deyir: "Qoçaqlığına qoçaq idi, ancaq... Tutulan yol düz deyildi. Əvvəla, Ağabəy ittihadi-islam məfkurəsi daşıyırdı: Nə qədər boş bir məfkurə! İkinci, "Daşnaksütyuna" qarşı "Difai" ilə çıxmaq qanı qanla yumaq demək idi. Madam ki, avtonomiya üçün etnoqrafi hüdud məsələsi meydana çıxırdı, bunu bir erməni-türk müşavirəsi çağırıb sülhlə həll etmək olmazdımı?" Çingiz isə onun fikirləri ilə razılaşmayaraq yuxarıda qeyd etdiyim "xilas naminə ayrılma" fikrini ortaya atır: "Bu əngəl məsələdir. Gərək türk arasındakı ermənilər erməni arasına, erməni arasındakı türklər türk arasına keçəydi. Çar hökuməti buna razı olmazdı. Bu, avtonomiyaya hazırlıq demək idi. Çar siyasəti bu avtonomiya məsələsini boğmaq üçün türk-erməni düşmənçiliyini məxsusi körükləyirdi..."

Tələbə dostlarının fikir alış-verişindən məmnun qalmış Rüstəmbəyin düşüncəli üzündə bir fərəh ifadəsi yaranır. Bütün ziddiyyətlərə rəğmən, gələcəklə bağlı işıqlı, inamlı ümidlərini dostları ilə paylaşır: "Ah, bizim ziyalıların tarixi yazılsa da: ittihadi-islam, Turan... min bir çarpışma... Keçilən yolların böyük qüsurlarına baxmayaraq, axırda öz doğma ölkəmizin siyasi, iqtisadi, mədəni ehtiyaclarına dönəcəyik, ermənilərlə də barışıq yolu bulacağıq... Bunlar olacaq. Xalqımıza fayda verəcək ziyalılar da yetişəcək. Bu da mütləq olacaq! Ancaq Cəlal kimi bədbin olmağa da gəlməz: mədəniyyətə doğru yeni addım atan xalqların tarixində də belə şeylər olmuşdur. Yeni yetişənlər yaxşı olarlar" - deyə mübahisəyə nikbin notlarla yekun vurur.

Belə uzun iqtibasa görə oxucudan üzrxahlıq edərək tələbələrin söhbətində toxunulan şəxslər və olaylarla bağlı məsələyə aydınlıq gətirmək istərdim. Hadisələrin təqdimi zaman və mahiyyət baxımından dəqiqliyi ilə seçilmir. Bunu müəllifdən tələb etmək də düzgün olmazdı. Çünki o, tarix dərsliyi yox, bədii əsər yazmışdı. Məşhur xeyriyyəçi-zəngin, "millət atası" kimi tanınan Hacı Zeynalabdin Tağıyev öz adı ilə təqdim olunur və burada əlavə izahata ehtiyac yoxdur. Eyni sözləri milli ədəbi-mədəni fikir tariximizdə yeni ideya istiqamətinin tribunasına çevrilmiş "Füyuzat" məcmuəsinin qurucusu və redaktoru Əli bəy Hüseynzadə haqda da demək mümkündür.

Ağabəy - təbii ki, XX əsrin əvvəllərindəki Bakı, bütünlükdə Cənubi Qafqaz mühitinin ən narahat, dinamik, haqsızlıqlara qarşı barışmaz mövqe tutan ədəbi-ictimai simalarından Əhməd Ağaoğludur. "Kaspi" qəzetinin redaktoru tiflisli Əlyar bəy adı altında isə ilk baxışdan da göründüyü kimi, görkəmli ictimai-siyasi xadim, Rusiya müsəlmanlarının lideri Əlimərdan bəy Topçubaşov nəzərdə tutulur. Həqiqətən də xalqın oyanmasına, maariflənməsinə mühüm töhfə vermiş "Kaspi", "Həyat" kimi nəşrləri Hacı Zeynalabdin maliyyələşdirmişdi. Milli məsələdəki sağlam, döyüşkən mövqeyi baxımından onlardan geri qalmayan "İrşad", "Tərəqqi" qəzetləri isə başqa bir xeyriyyəçi zənginin - Murtuza Muxtarovun puluna çıxırdı. O da həqiqətdir ki, Əhməd Ağaoğlunun həm millət atası Hacı, həm də "Kaspi"də birgə çalışdığı Əlimərdan bəylə bəzən açıq müstəviyə çıxan ciddi fikir ayrılıqları, sərt münaqişələri olmuşdu. Bu mövzu ilə bağlı vaxtı ilə "Əlimərdan bəy Topçubaşov - Əhməd Ağaoğlu: problemli dostluq" adlı polemik yazımda geniş söz açdığımdan təkrara ehtiyac duymuram.

Sadəcə diqqəti ona çəkmək istəyirəm ki, millətini sevən zəngin şəxsin, yaxud şəxslərin vəsaiti hesabına qəzet və kitab nəşri, mədəni-ictimai tədbirlərin təşkili dövrün Azərbaycan cəmiyyətində "yazıçının kapitalistin pul kisəsindən asılılığı" (Lenin) sindromunu ortaya çıxarmışdı. İlk qəzetimiz "Əkinçi" belə asılılıqdan qismən (doğrudur, onun nəşri üçün ilkin kapitalı Abdulla ağa Bakıxanov vermişdi) azad idi. XX əsrin əvvəllərində isə vəziyyət fərqli şəkil almışdı. Hökumətin mətbuata, xüsusən 1905-ci il inqilabının ərsəyə gətirdiyi və mövcudluğuna zorla dözdüyü "müsəlman mətbuatına" münasibəti qətiyyən dostanə deyildi. Senzura tələbləri sərtləşdirilmişdi. Könüllü şeytançılıq vəzifəsini üzərlərinə götürən erməni millətçilərinin əl-qolu daha da açılmışdı. Nəticədə Bakı, Gəncə, İrəvan, yaxud Tiflisdə qəzet, kitab, teatr tamaşası, xeyriyyəçilik və digər milli-mədəni tədbirlərə vəsait ayıran şəxs özünü qorumaq üçün həm də qeyri-rəsmi senzor vəzifəsini yerinə yetirməli olurdu.

"Kaspi"də ictimai borca münasibətdən qaynaqlanan epizodik Əhməd Ağayev - Topçubaşov münaqişəsi "Həyat" qəzetində birgə çalışdıqları dövrdə daha kəskin xarakter almışdı. Məlum olduğu kimi, XX yüzilliyin bu ilk Azərbaycan dilli qəzetinin imtiyaz sahibi H.Z.Tağıyev, naşiri Ə.Topçubaşov, redaktorları isə Ə.Ağayevlə Ə.Hüseynzadə idi. Sərbəst yaradıcı fərdlər kimi çıxış edən, heç kimdən asılılıqları və şəxsi planda hər hansı təhəddüdləri olmayan həmkarları ilə müqayisədə Əlimərdan bəy imtiyaz sahibi qarşısında məsuliyyət daşıyırdı. Bu səbəbdən də redaksiyada "Tağıyevin adamı" kimi tanınırdı. Əslində də belə idi - "millət atası" önündəki cavabdehlik naşirin üzərinə bir sıra ciddi vəzifələr qoyurdu. O, təkcə qəzeti deyil, xeyirxah Hacının təmiz adını, hakimiyyət dairələri ilə münasibətlərinin loyallığını qorumağı da özünə borc bilirdi. Bu səbəbdən də problemli ictimai-siyasi hadisələrə, rus administrasiyasının atdığı bu və ya digər addıma, verdiyi qərara münasibətdə dostları ilə müqayisədə bəzən barışdırıcı mövqe tutmağa çalışır, ehtiyatlı davranmağı daha məqbul sayırdı. Qısa müddət ərzində "Həyat"ı erməni millətçiləri və Qafqaz canişinliyinə qarşı ideoloji mübarizənin tribunasına çevirən sərt, çılğın təbiətli Əhməd bəy isə belə yanaşma ilə qətiyyən razılaşmırdı. Münaqişə də buradan qaynaqlanırdı.

1905-ci ilin oktyabrında bir neçə günlüyə dincəlmək üçün getdiyi Mərdəkan kəndindən Əli bəy Hüseynzadəyə fransızca (təbii ki, məxfiliyi qorumaqdan ötrü!) yazdığı məktubda Ə.Ağaoğlu bəy bir tərəfdən imtiyaz sahibi, o biri tərəfdən isə naşirlə aralarında yaranan fikir ayrılıqlarına toxunaraq ortaya belə bir mövqe qoyurdu:

"Qəzetin dünənki sayından üzülmüşdüm. Bugünkü say isə o qədər razı saldı.

Məni dəstəklədiyin üçün təşəkkür edirəm. Bu, şəxsi bir sevgi nümayişi deyil. Xeyr! Bütün məsələ sərvət, sərmayə, yaxud başqa yolla, bir sözlə, pul hesabına güc sahibinə çevrilmək istəyən kobud bir adamla azad və müstəqil olmağa can atan bilikli, bacarıqlı insanlar arasındakı uçurumdadır. Azad, sərbəst olmağı bacarmaq lazımdır. Hələ dünənə qədər ticarətlə uğraşmış və bu gün ancaq bank sahibi düşüncəsinə malik bir şəxsin mayasında duyğu və düşüncə dayanan belə böyük, müqəddəs davaya qarışmasına göz yummamalıyıq" (seçmə mənimdir V.Q.).

"Dünənə qədər ticarətlə uğraşan", "pul hesabına güc sahibinə çevrilən", "bank sahibi düşüncəsinə malik şəxs" təyinləri heç şübhəsiz, Hacı Zeynalabdin barəsindədir. Pulu ödəyənin musiqini də sifariş vermək haqqına malik olması prinsipini qəbul etməyən Əhməd bəy, göründüyü kimi, Hacının qəzetin yaradıcılıq məsələlərinə qarışmasının, nəşrin mövzu, mövqe və istiqamətinə hər hansı şəkildə müdaxiləsinin əleyhinə idi. "Müdaxilə" isə heç şübhəsiz, Hacının özü deyil, ona daha yaxın olan və naşir kimi məsuliyyət daşıyan Əlimərdan bəy vasitəsi ilə həyata keçirilirdi.

"Studentlər" romanında haqqında narahatlıqla söz açılan "türk ziyalısı-milyoner" qarşıdurması təbii ki, hər kəsdən öncə Əhməd bəylə H.Z.Tağıyevin münasibətlərinə aid idi. Çünki Hacı ilə ilk münaqişə onun arasında olmuşdu. Gizli deyil ki, o dövrdə yaradıcı milli ziyalılar xeyirxah Bakı zəngininə yaxın olmağa çalışırdılar. Bu yaxınlığın əsasında isə hansısa şəxsi mənfəət güdməkdən daha çox Hacının yardımı ilə teatr, maarif, nəşriyyat sahəsindəki planların gerçəkləşdirilməsi dayanırdı.

Nəriman Nərimanov 1900-cu ildə "Hacı Zeynalabdin Tağıyevin 50 illik məişəti və cəmaətə xidmətləri" adlı kitab çap etdirmişdi. Əhməd bəy Ağayevin özünün 1902-ci ildə nəşr olunan, fanatik din xadimlərini hədəf alan "Axund, islam və hatifülqeyb" əsəri Hacıya müraciətlə açılırdı. Müəllif yazırdı: "Cənab Hacı! Sizin müsəlmanlar barəsində etdiyiniz hümməti-ali və təlaşi-pəsəndidə hər kəsə məlumdur. Bu yolla nə zəhmət və hümmət və nə xərclər çəkmisiniz, hər gün müşahidə olunur. Burada məktəb güşadı, orada fəqir, mühəssil və tüllabə bəzlü ehsan və qeyr yerdə ürəfa, yazıçı və oxumuşlarımıza kömək və himayət, xülasə, hər növ vəslilə və vasitə ilə ruzü şəb millətin fikrindəsiniz. Əlan Zaqafqazda bir məhəl yoxdur ki, sizin hümməti-alilərinizin əsəri oraya sirayət etməmiş olsun. Fikri-asəfanənizin bərəkəti ilə intişari-ülum və fünunu, tərəqqiyi-ədəbiyyat və məkatibi millət üçün rahi-nicat intixab etmisiniz və bu yolda bəzl etdiyiniz hümməti-alinin nətayici şimdidən müşahidə olunur".

Təbii ki, N.Nərimanovun, yaxud Ə.Ağayevin yazdıqları Hacının ünvanına oxunan ucuz difiramblar deyildi. Yaxud əliaçıq zəngindən nə isə "qoparmaq" məqsədi daşımırdı. Bu müəlliflər Hacının gördüyü xeyirxah işlərin həqiqi dəyərini verməklə ona səmimi minnətdarlıq hisslərini bildirir, milli maarif və mədəniyyət sahəsində daha böyük addımlara təşviq edirdilər. Yaxın çevrəsində qazanc hərisi olan acgöz işbazların deyil, xalqı düşünən ziyalıların olmasını istəyirdilər.

Dövrün şəxsiyyət və hadisələrinə yaxşı bələd olan Abdulla Şaiq xatirələrində bu münasibətlə yazırdı: "Hacı Zeynalabdin Tağıyev başqa kapitalistlərdən bir çox cəhətdən fərqlənir. Başqa kapitalistlər hamıya yuxarıdan aşağı baxır, maarif işlərində iştirak etmirdilər. Küçədə üz-üzə gəldikləri zaman o ağalar dik-dik baxıb salam gözləyərkən, ziyalılar da baxıb yanlarından düz keçirdilər. Tamamilə savadsız olan Hacı isə Azərbaycanın həm maarif, həm də ictimai işlərinə qarışırdı. Bu ondan irəli gəlirdi ki, o biri milyonçuların çoxu xırda burjuadan başlayaraq kapitalist olmuşlar. Hacı isə kimsəsiz olduğundan 8-9 yaşından bənnalara palçıq daşıyıb gündəlik muzd alır, onunla da keçinirdi. O fəhləlikdən kapitalistə qədər yol keçmişdir. Hacı maarif işlərində çalışan ziyalılarla oturub durmağı sevərdi".

XIX əsrin sonu - XX əsrin başlanğıcı Azərbaycanda "türk ziyalısı-milyoner" münasibətlərinin müəyyən idilliya dövrü idi. Əvvəla, cəmiyyətdə ali təhsil almış insanların sayı o qədər də çox deyildi. Olanların əksəriyyəti isə həqiqi mənada ideya, məslək sahibi idi. Millətə xidmət amalı ilə yaşayıb şəxsi mənfəət güdmürdülər. Sonrakı illərdə təəssüf ki, sayla sanbal, ideya ilə məqsəd arasındakı nisbət pozulmuşdu. Nəticədə Üzeyir bəyin məşhur "O olmasın, bu olsun" komediyasında haqlı gülüş hədəfinə çevirilən psevdoziyalılar meydana çıxmışdı. Belələrinin sərvət sahiblərinə yaxınlaşması isə tamamilə fərqli hədəflərdən qaynaqlanırdı.

Öz növbəsində yerini və qiymətini bilən həqiqi ziyalıların, millət xadimlərinin zənginlərə olan münasibəti də dəyişmişdi. Cəmiyyəti silkələyən inqilablar, milli və sinfi mübarizə insanların gözünü açmışdı. Artıq ziyalı təbəqə nümayəndələri zənginlərə yalnız minnətdarlıq bildirməklə yetinmirdilər. Həm də fikir və şəxsiyyətlərinə, fəaliyyətlərinə hörmət tələb edirdilər. Yalnız şükran və heyranlıqla kifayətlənmirdilər, tənqidəlayiq saydıqları cəhətlərlə bağlı çəkinmədən, cəsarətlə söz açırdılar. Məsələn, aşağıda üzərində nisbətən geniş dayanacağım Tağıyev-Behbudov qarşıdurması zamanı dövrün prinsipial, cəsarətli publisistlərindən biri kimi tanınmış Rəhim bəy Məlikov (Zərdabinin qardaşı oğlu - V.Q.) "Baku" qəzetində dərc erdirdiyi məqalədə xeyirxah Hacının mədəni-ictimai mühitin bütün sahələrinə yayılmış diktat kultuna qarşı etiraz səsini ucaltmağı məqsədəuyğun saymışdı. O, yazırdı:

"Müsəlman həyatının indiki şəraitində cənab Tağıyevin hökmranlıq etmədiyi hansısa bir məhkəmə, cəmiyyət və ya təşkilatın mövcudluğu həqiqətən mümkündürmü? Cənab Tağıyevin sərvət və nüfuzu sayəsində şəxsən özü həyata keçirmədiyi istənilən ictimai məsələ ilə bağlı indiyədək hansısa bir qərar verilibmi? Müsəlmanların elə bir yığıncağı olubmu ki, orada cənab Tağıyev də iştirak etsin və irəli sürdüyü təkliflə razılaşmayan təhsilli şəxsə adəti üzrə 'kəs səsüvi' deməsin? Bəlkə Dr. Qarabəyov məndən faktlar tələb edəcək? Buyurun: 1) müəllimlər qurultayında cənab Nərimanovla qarşıdurma, 2) müsəlmanların Qasprinskinin ildönümü ("Tərcüman" qəzetinin nəşrə başlamasının 1903-cü ildə Bakıda qeyd edilən 20 illik yubileyi nəzərdə tutulur - V.Q.) münasibətilə təşkil etdikləri toplantıda cənab Ağayevlə qarşıdurma… "

Ə.Ağayevdən sonra Hacının ziyalılarla növbəti münaqişəsi Novorossiysk İmperator universitetində təhsil xərclərini ödədiyi gələcəyin görkəmli dövlət xadimi Nəriman Nərimanovla olmuşdu. Hadisə Azərbaycan müəllimlərinin 1906-cı ildə keçirilən birinci qurultayında baş vermişdi. Bu haqda müasirlərin xatirələrində və mövcud araşdırmalarda geniş məlumat verilib. Sadəcə onu deyim ki, N.Nərimanovun qurultay adından Qafqaz canişininə göndəriləcək məktubda "xahiş" əvəzinə "tələb" ifadəsini təklif etməsi, qurultayın da natiqi dəstəkləməsi Hacını haldan çıxarmışdı. Hamının qarşısında "Cibində beş qəpiyi yoxdur, bunun tələb eləməyinə bax!" (Abdulla Şaiq, "Xatirələr") - deyə stipendiatını acılamışdı. Nərimanov isə elə oradaca ayağa qalxıb "heç zaman ideyasını lənətə gəlmiş sarı metala (qızıla -V.Q.) satmaq niyyətində olmadığını və günü bu gündən Hacının pul yardımından imtina etdiyini bildirmişdi.

Lakin tələbələrin dilindən böyük xeyriyyəçiyə qarşı səsləndirilən "ziyalını ziyalı əli ilə rüsvay etmək" ittihamında fikrimcə, Ə.Topçubaşovun hansısa rolundan danışmaq ədalətsizlik olardı. Səbri, təmkin və ağayanalığı ilə seçilən Əlimərdan bəy mübahisəli məsələlərin məsləhət-məşvərət yolu ilə həllinə daha çox üstünlük verirdi. Bunu Əhməd bəy Ağayevə münasibətində də dəfələrlə nümayiş etdirmişdi.

Romanda tələbə Cəlalın (və deməli, həm də əsər müəllifinin!) iddiasına görə sırf ailədaxili məsələ kimi ortaya çıxan "Tağıyev-Behbudov davasında" Ə.Topçubaşovun əlinin olması ilə bağlı irəli sürülən mülahizə də həqiqətdən uzaqdır. Doğrudur, 1911-ci ilin iyun ayında Bakı polis idarəsinin "Tam məxfi" qrifi ilə hazırlanmış məlumatında "inkişaf səviyyəsinə görə yerli müsəlmanlardan əsaslı dərəcədə fərqlənən Topçubaşovun Hacı Zeynalabdin Tağıyevlə əvvəlki kimi dost olduğu" vurğulansa da, artıq "Kaspi" dövründəki yaxınlıq mövcud deyildi. Birinci Dünya müharibəsi başlanana qədər Əlimərdan bəy əsasən vəkillik fəaliyyəti, "Nicat" xeyriyyə cəmiyyətinə və "Səadət" məktəbinə rəhbərlik, habelə Cənubi Qafqazda zemstoların təşkili ideyası ilə məşğul olurdu. Hacının ailə məsələlərinə heç vaxt qarışmamışdı. Digər tərəfdən H.Z.Tağıyevin biznes imperiyasının bacarıqlı idarəçilərindən biri sayılan, vaxtı ilə kömək etdiyi mühəndis L.Behbudovu ləkələyib Bakıdan uzaqlaşdırmaq da onun maraq dairəsinə daxil ola bilməzdi.

Əhməd Ağaoğlunun "Behbudov-Tağıyev davası" ilə hər hansı şəkildə əlaqələndirilməsi isə tamamilə əsassızdır. Çünki münaqişənin baş verdiyi dövrdə o, artıq üç ilə yaxın idi ki, İstanbulda yaşayırdı. Ən başlıcası isə Bakını tərk etməsinə görə konkret heç kimdən şikayətçi deyildi. Sadəcə olaraq ad çəkmədən "şiddətli şəkildə təqib olunduğunu, özünün və ailəsinin təhlükə altında qaldığını" bəyan etmişdi.

Ə.Topçubaşovun şəxsinə və fəaliyyətinə qətiyyən dəxli olmayan məsələlərlə bağlı ittiham edilməsində şübhəsiz, subyektivlik, hətta bəlli bir qərəzkarlıq sezilməkdədir. Gizli deyil ki, Cümhuriyyət dövründə Yusif Vəzirlə Əlimərdan bəy arasında ixtilaf yaranmışdı. Fransadakı mühacirət illərində isə bu ixtilaf daha da dərinləşmiş, açıq qarşıdurmaya çevrilərək hər iki tərəfdən əsassız ittihamlara yol açmışdı. Təəssüf ki, şəxsi münasibətlər zəminində meydana çıxan həmin subyektiv ittihamların müəyyən əks-sədası "Studentlər" romanına da yol tapmışdı.

Xoşagəlməz "bakılı-qarabağlı", "yerli-gəlmə" qarşıdurmasının yaradılmasında Ə.Topçubaşovun hansısa bir rolunun olması haqqında əlimizdə inandırıcı dəlillər yoxdur. Rusiya türklərini bir araya gətirmək üçün Bakıdan uzaq Sibirə qədər çətinlik və məhrumiyyətlərlə dolu bir neçə aylıq maarifləndirici səfərə çıxan, Müvəqqəti hökumətin Dövlət Müşavirəsindəki nitqində müsəlmanların hüququnu əzmlə müdafiə edən şəxs vətənində ziyalıları bir-birinin üzərinə qaldırmağı özünə sığışdırmazdı.

Hadisələrin kökünü axtarsaq, Əhməd bəyə, eləcə də XX əsrin ilk onilliyində Bakının mədəni-ictimai həyatında fəallıqları ilə seçilən Qarabağ əsilli ziyalılara qarşı kampaniyaçılıq təşəbbüsləri H.Z.Tağıyevə yaxın olan başqa bir görkəmli ictimai xadimə - həkim və yazıçı-publisist Mirzə Əbdülxalıq Axundova (1863-1950) məxsus idi. Amma bu, heç bir halda tapşırığın Hacıdan gəldiyini söyləməyə əsas verə bilməz. Yerliçilik hissləri əxlaqımızda və cəmiyyətimizdə həmişə mövcud olub. Təbii ki, bakılı ziyalılar həmyerli kimi özlərini Hacıya daha yaxın sayırdılar. Digərlərinin onun nüfuz dairəsinə daxil olmasını, səxavətindən yararlanmasını qısqanclıqla qarşılayırdılar. Bir sözlə, regionçuluq zəminində mübarizə həm də Tağıyevə yaxınlıq, simsarlıq çaları daşıyırdı. Əslən bakılı olan Ə.Axundov isə bu məsələdə xüsusi fəallığı ilə seçilirdi.

İndi bizə ağrılı görünsə də, milli qüvvələrin yekdilliyinin həyati əhəmiyyət daşıdığı bir şəraitdə "bakılı-qarabağlı", "bakılı-gəlmə" kimi yersiz söhbətlərin ortaya atılmasında onun naşir-redaktoru olduğu satirik "Zənbur" jurnalı ön sırada dayanmışdı. Rəhim bəy Məlikov baş verən hadisələri xronoloji ardıcıllıaqla gözdən keçirərkən bu münasibətlə yazmışdı: "Əhməd bəyə qarşı kampaniya çoxdan başlayıb və onun Bakıdan qovulması ilə nəticələnib. Əhməd bəy bir dövlət idarəsi yaxınlığında vəhşicəsinə döyüldüyü vaxt "Zənbur" rəhbərliyi istehza etməklə kifayətlənib bir kəlmə söz deməyi də lazım bilmədi... Təbii, Ağayevi müdafiə məqsədi ilə yox ("Zənburçular" üçün bu, həddən artıq çox olardı!). Söhbət sadəcə bir insanın döyülməsinə, zorakılığa məruz qalmasına qarşı səs ucaltmaqdan gedir. İndi Ağayev gənc türklərlə yaxınlıq edir, hər yerdə ehtiram görür. Əhməd bəyin uğurları "Zənbur" rəhbərliyinə rahatlıq vermir".

Əhməd Ağaoğlu İstanbuldan "Tərəqqi" qəzetinin müvəqqəti redaktoru Üzeyir Hacıbəyliyə 1909-cu ilin yayında göndərdiyi məktublarının birində onu regionçuluq zəminində baş qaldırmış lüzumsuz və zərərli mübahisələrdən, xüsusən də "Zənbur"un iddia və iftiralarından ucada və uzaqda dayanmağa səsləyirdi.

"Tağıyev-Behbudov davası" ilə əlaqədar əvvəllər daha çox qəzet səhifələrində müzakirə olunan regionçuluq məsələsi sonradan həm də praktiki boyutlar aldı, total şəkildə qarabağlı ziyalıların sıxışdırılması, onların H.Z.Tağıyevə məxsus müəssisə və şirkətlərdə işdən kənarlaşdırılması ilə müşayiət olundu. Görkəmli yazıçı-diplomat Ə.Haqverdiyev "Tərcümeyi-hal"ında bu münasibətlə yazırdı: "1908-ci sənə işlədiyim "Nadejda" cəmiyyəti dərşikəst oldu və mənə Hacı Zeynalabdin Tağıyevin paroxodstvasında müfəttişlik vəzifəsi təklif etdilər. Bu axır vəzifələr Zaqafqaziya və İranın çox yerlərini səyahət edib qiymətli məlumat almağıma səbəb oldu. 1911-ci sənədə "Tağıyev-Behbudov" keyfiyyətindən dolayı qulluqda olan qarabağlıları və o cümlədən, məni paroxodstvadan ixrac etdilər" (seçmə mənimdir - V.Q.)

Mühəndis Lütfəli bəy Behbudov, Bakı, 1910.

Bütünlükdə isə H.Z.Tağıyevin adının ziyalılarla bağlı məsələlərdə əsasən müsbət, bəzi hallarda isə mənfi planda tez-tez hallanması digər sərvət sahibləri ilə müqayisədə onun yuxarıda da qeyd edildiyi kimi, milli ruhlu aydınlara yaxınlığı, imkansız gəncləri təhsilə göndərməsi, məqsədəuyğun saydığı təklif və layihələrini maliyyələşdirməsi ilə bağlı idi. İş prosesndə onun mütəxəssis kimi yetişmələrində zəhmət çəkdiyi, böyük pullar xərclədiyi maarif-mədəniyyət xadimləri, texniki intellegensiya nümayəndələri ilə mübahisəyə girişməsi, ağsaqqal kimi irad bildirməsi, bəzilərini danlaması, hətta acılaması bir sıra hallarda qaçılmaz olurdu. Təbii ki, qərəzçiliyə və təftişçiliyə yol vermədən buna anlayışla yanaşmaq lazımdır.

Hacının Ə.Ağayev və N.Nərimanovla münaqişəsi, yaxud fikir toqquşması ictimai xarakter daşıdığından o dövrdə diqqəti çox cəlb etməmişdi. Xəbərlər yalnız məhdud dairədə, ziyalılar mühitində yayılmışdı. Hətta hər hansı publik müzakirə açılmamış, mətbuat məsələyə yerli-dibli qarışmamışdı. Təbii ki, burada cəmiyyətin patriarxal dayaqlarının hələ kifayət qədər möhkəm olması da öz rolunu oynamışdı.

Hacı Zeynalabdin Tağıyev - Lütfəli bəy Behbudov münaqişəsi isə ailə-məişət zəminində baş verdiyindən, necə deyərlər, "pikant" mövzu ilə bağlı olduğundan cəmiyyətdə daha böyük əks-səda doğurmuşdu. Xüsusilə hadisədə qadın izinin mövcudluğu (məşhur "cherches la femme!" ifadəsini xatırlamamaq olmur!) Hacının ailə həyatı, şəxsiyyəti və adı ətrafındakı dedi-qodulara, şayiələrə diqqəti xeyli artırmışdı. Moskva, Peterburq, Bakı, Tiflis kimi şəhərlərdə nəşr olunan "Russkoe slovo", "Kavkaz", "Kaspi", "V mire musulmanstva", "Baku", "Zemşina", "Veçernee vremya", "Moskovskie vedomosti", eləcə də satirik "Molla Nəsrəddin" jurnalı və digər mətbuat orqanları çox güman ki, məsələnin etik tərəfini, habelə Tağıyevin xeyirxah əməllərini, cəmiyyətdəki böyük nüfuzunu, ağsaqqallığını nəzərə alan anadilli qəzet və jurnallar bəzi istisnalarla səhifələrində qalmaqala yer verməməyi, yaxud da sadəcə informasiyalar çap etməyi daha üstün tutmuşdular.

Rəssam Y.Rotterin "Molla Nəsrəddin" jurnalının 11 avqust 1911-ci il 29-cu sayında "Müsəlman qəzetləri: Qəzet millət üçün bir aynadır ki, oraya baxan hər şeyi görə bilər, bircə Hacı cənablarının evində injener Behbudovun döyülməsindən savayı. Atalar sözü: Güclü adamı incitmək ağıllıların işi deyil!" alt yazısı ilə çıxan karikaturası da bunun əyani göstəricisidir. "Tağıyev-Behbudov davası" ilə bağlı qəzetlər, əsasən də rus dilində çıxan mətbu nəşrlər onlarla xəbər, məqalə, felyeton, məhkəmə reportajı dərc etmişdilər. Paytaxt Peterburqda Hacının vəkillərindən biri, Rusiya Dövlət dumasının üzvü G.G.Zamıslovskinin (1872-1920) "Tağıyevin işi" (1912), tanınmış rus hüquqşünası və vəkil M.Q.Kazarinovun (1866-1945) "Andlı iclasçı M.Q.Kazarinovun Həqiqi mülki müşavir Hacı Zeynalabdin Tağıyevi müdafiə nitqi" (1913) kitabçaları çıxmışdı. "Qafqazın ən tanınmış şəxsini" müdafiə edən vəkillər arasında üç çağırış Dövlət dumasının üzvü, məşhur mason və siyasi xadim V.A.Maklakov (1869-1957) da vardı. Lenin, Trotski kimi bolşevik liderləri Bakıda gedən proseslə yaxından maraqlanmışdılar. Səs-küylü məhkəməni öz ideya-siyasi mövqelərindən işıqlandıraraq Duma üzvlərinin, xüsusən də adlı-sanlı Maklakovun Bakı zənginini müdafiə etməsini rus Femidasının ədalətə və qanunçuluğa deyil, maddiyyata, konkter təsadüfdə isə səxavətli Hacının pul kisəsinə olan məhəbbəti ilə bağlamışdılar. Məsələn, Lenin "Nevskaya zvezda" qəzetində çıxan "Kapitalizm və parlament" (17 iyun 1912-ci il) məqaləsində yazmışdı: "Maklakov Tağıyevin verdiyi qonorarları yeyəndə Duma üzvü olmağı onun belə "sərfəli" işlər görməsini asanlaşdırmırdımı?"

Əslində Lenin ittihamında tam haqlı idi. Yalnız bir faktı xatırlatmaq kifayətdir: V.A.Maklakov azərbaycanlı milyonçu ilə eyni vaxtda millətçi Daşnaksütyun partiyasının dövləti cinayətlərə görə məhkəmə önünə çıxarılan 158 üzvünün də vəkili idi. Yəni onun üçün pulu kimin verməsi önəmli deyildi. 1912-ci ilin martında Bakıdakı prosesdə müdafiə nitqini söyləyəndən dərhal sonra Sankt Peterburqa, "son söz" demək üçün "erməni inqilabçılarının" məhkəməsinə yola düşmüşdü. Bolşeviklərin mühakiməsiz, kütlənin gözü önündə güllələdikləri kiçik qardaşı N.A.Maklakov (1871-1918) 1912-1915-ci illərdə Rusiya imperiyasının daxili işlər naziri olmuşdu. Eyni zamanda Dövlət Şurasının üzvü, İmperator sarayının qofmeysteri idi. Belə nüfuzlu bir klan nümayəndəsinin vəkil kimi H.Z.Tağıyevin məhkəmə prosesinə cəlb edilməsi ehtimal ki, keçmiş duma, üzvü, uzun müddət dumanın Müsəlman fraksiyası Bürosunun işinə rəhbərlik etmiş Əlimərdan bəy Topçubaşovun yüksək dairələrdəki əlaqələri sayəsində (təbii ki, səxavətli qonorar da öz yerində!) mümkün olmuşdu.

Yeri gəlmişkən, iki tanınmış hüquqşünas sonuncu dəfə 1919-cu ildə Parisdə görüşmüşdülər. Bu zaman Ə.Topçubaşov artıq müstəqil Azərbaycan Cümhuriyyətinin Parlament sədri, Paris sülh konfransında Azərbaycan Nümayəndə heyətinin başçısı, Denikinin nümayəndəsi kimi Fransa paytaxtına gəlmiş monarxist Maklakov isə "Bəlkə də qaytardılar?" ümidi ilə bolşeviklərin ehtimali məğlubiyyətini gözləyən "ağ" mühacir idi. Əlimərdan bəy bu barədə hökumət başçısı N.Usubbəyova 22-27 sentyabr 1919-cu il tarixli məktubunda məlumat vermişdi.

"Tağıyev-Behbudov davasının" ümumi "coğrafiyası" belə idi...

Bakıya gəldikdə isə həmin dövrdə demək olar ki, nüfuz sahibi olan əksər tanınmış ziyalılar, ictimai-siyasi xadimlər, xüsusən də gələcək milli dövlətin - Azərbaycan Cümhuriyyəti qurucularının çoxu cəmiyyəti silkələyən məsələyə münasibət bildirmişdilər. Onların bir hissəsi böyük xidmətlərinə, xeyirxahlığına görə filantrop Hacının tərəfində dayanmış, digərləri isə dövlətin nəzərində ondan az sanballı olmayan "əsilzadə və alitəhsilli" Lütfəli bəy Behbudovu müdafiə etmişdilər.

Lütfəli bəy (ikinci sırada soldan dördüncü) Peterburqda təhsil alan müsəlman tələbələr arasında (1902)

XX əsrin əvvəllərində Azərbaycan gerçəkliyinin ümumrusiya miqyasında böyük əks-səda doğuran, eyni zamanda bir sıra insinuasiyalara yol açan "Tağıyev-Behbudov davası" bizim müəlliflərin əsərlərində əsasən epizodik şəkildə xatırlanıb. Çoxsaylı dövrü nəşrləri, bəzi arxiv sənədlərini də cəlb etməklə mövzunu ilk dəfə Tiflisdə yaşayan müstəqil tədqiqatçı, amerikan əsilli Robert Denis hərtərəfli araşdırıb. Robert 1999-cu ildə Detroyt kollecindən slavyan tədqiqatları və fəlsəfə üzrə bakalavr, 2011-ci ildə isə Los-Ancelos universitetindən slavyan dilləri üzrə magistr dərəcəsi alıb. Azərbaycan və ruscadan elmi tərcümələr edir. Həmkarı, professor Naomi Cafee ilə birlikdə üzərində işlədikləri "Beyond Caricature" ("Karikatura arxasında") layihəsi mollanəsrəddinçi rəssam Oskar Şmerlinqin (1867-1938) şəxsiyyətinin, zəngin yaradıcılıq irsinin öyrənilməsinə həsr olunub. Robert Denisin "The Taghiyev-Behbudov affair. Conflict among Caucasian muslim elites in the early XX century" ("Tağıyev-Behbudov məsələsi. XX əsrin əvvəlində Qafqazın müsəlman elitası arasında qarşıdurma") adlı geniş araşdırması virtual fəaliyyət göstərən Bakı Tədqiqat İnstitutunun saytında (https://bakuresearchinstitute.org/) ingilis dilində (çox da dəqiq və səlis təsir bağışlamayan azərbaycancaya tərcüməsi ilə birlikdə) yerləşdirilib. Yusif Vəzir Çəmənzəminlinin "Studentlər" romanında deyilənlərdən yola çıxarkən digər mənbələrlə yanaşı, bu əhatəli tədqiqata da sıx-sıx müraciət edilib.

*** 

Antoşa Çexonte təxəllüsü ilə yazan gənc A.P.Çexovun "Sevinc" adlı kiçik bir novellası (1883) var. Hekayənin qəhrəmanı, xırda məmur Mitya Kuldarov gecədən xeyli keçmiş əlində qəzet qasırğa kimi evə soxulur. Bütün otaqları dolaşıb ata-anasını, bacılarını, gimnazist qardaşlarını yuxudan oyadır. Qəzeti az qala onların gözünə soxaraq nəfəsi kəsilə-kəsilə "Mən məşhur olmuşam! İndi məni bütün Rusiya tanıyır!" - deyə bağırır. Qəfil şöhrətin səbəbləri ilə maraqlanarkən məlum olur ki, sərxoş halda at arabasının altına düşən kollej asessoru Mitya Kuldarovun "hünəri" haqda hansısa qəzetin polis xronikasında bir-iki sətirlik məlumat yayılıb.

Hər cür müqayisə ziyanlı olsa da, Çexovun əhlikef qəhrəmanı kimi bir günün içində ucsuz-bucaqsız Rusiya imperiyasında məşhurlaşan, aylarla adı qəzet, jurnal səhifələrindən düşməyən mühəndis Lütfəli bəy Behbudov kim idi? Arzulamadığı "qəfil şöhrət" onu necə yaxalamışdı?

Bəri başdan deyim ki, o, Çexovun yüngülbeyin qəhrəmanı ilə heç bir halda müqayisə edilə bilməz. XX əsrin əvvəlində ictimai-siyasi həyatda, xüsusən də milli-azadlıq hərəkatında və erməni zülmünə qarşı mübarizədəki müəyyən xidmətlərinə görə şəxsiyyət və fəaliyyəti üzərində nisbətən geniş dayanmağa ehtiyac var.

Lütfəli bəy Rəhim ağa oğlu Behbudov 15 (28) mart 1877-ci ildə Şuşa qəzasının Üçoğlan kəndində doğulmuşdu. Adı nəslinin soyadına çevrilmiş ulu babası Behbudəli ağa (1695-1767) Qarabağ xanlığının qurucusu Pənahəli xanın doğma qardaşı və yaxın silahdaşı idi. Lütfəli bəy dünyaya gələndə ailəsi zəngin sayılmasa da, xan nəslinə mənsubluq baxımından sosial ierarxiyada mövqeyini qoruyub saxlamışdı. Qardaşları Əli (1872-1937) və Mirzəli Behbudovlar (1882-1937) Qarabağda yaxşı tanınırdılar. Böyük terror illərində hər ikisi SSRİ XDK Üçlüyünün qərarı ilə "zadəgan nəslinin nümayəndələri" kimi güllələnmişdi. Bacısı Sürəyya xanım şairə Xurşudbanu Natəvanın oğlu Mir Cəfərlə ailə qurmuşdu.

Altı sinifli Şuşa real məktəbində təhsil almış, universitet və institutlara daxil olmaq hüququ verən sonuncu - yeddinci sinfi isə 1897-ci ildə Bakıda bitirmişdi. Eyni ildə Peterburq İmperator Texnologiya İnstitutunun tələbələri sırasına daxil olmuşdu. "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" adlı çoxcildli ensiklopedik soraq kitabının müəllifləri Ədalət Tahirzadə və Misir Mərdanovun yazdığına görə, burada dayısı oğlu Yusif xan Şəkinski ilə eyni kursda təhsil almışdı.

Tələbə iğtişaşlarında iştirakı səbəbindən 1899-cu ildə İnstitutdan çıxarılmışdı. Rektora yazdığı üzrxahlıq məktubundan və "bundan sonra yalnız dərslərini oxumaqla məşğul olacağı" haqqında vədindən sonra yenidən ali məktəbə bərpa edilmişdi. 1901-ci ildə atasının ölümü nəticəsində ailələrində yaşanan maddi ehtiyac üzündən təhsilini yarımçıq qoymuşdu. Lakin çətin məqamda Əlimərdan bəy Topçubaşov köməyinə gəlmişdi. Onun vəsatəti ilə Tağıyevin təqaüdçüləri sırasına düşə bilmişdi. 1903-cü ildə institutu mühəndis-texnoloq ixtisası ilə bitirib Bakıya dönmüşdü.

Bakı Gömrüyündə qısa müddətli xidmətdən sonra 1903-1911-ci illərdə H.Z.Tağıyevin Kür-Xəzər səhmdar cəmiyyətində mühəndis və müdir kimi çalışmışdı. Eyni zamanda "Qafqaz və Merkuri" şirkətinin gəmi mexanikləri hazırlayan məktəbində nəzəri mexanika fənnini tədris etmişdi. 1911-ci ildə Hacı ilə münasibətləri pozulmuşdu. Ortaya çıxan konflikti Rusiya imperiyası miqyasında böyük-səs küy doğurmuş məhkəmədə aydınlaşdırmalı olmuşdular.

Bu barədə bir qədər sonra.

Ə.Tahirzadə və M.Mərdanov yuxarıda adını çəkdiyim əsərdə göstərirlər ki, Lütfəli bəy "Tağıyevlə arasındakı münaqişədən sonra bir müddət ailəsi ilə birlikdə Parisə köçərək orada əmisi oğlu Səlim bəy Behbudovun (1883-1943, Sorbonnanın Siyasi Elmlər Məktəbini bitirib 1910-1913-cü illərdə Parisin Berlits məktəbində Şərq dillərini tədris etmişdi. Azərbaycan Cümhuriyyəti dönəmində bir sıra diplomatik tapşırıqları yerinə yetirmiş, Qarabağda qaçqınlar üzrə müvəkkil kimi çalışmışdı. Daha çox İsmayıl bəy Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" əsərinin fransızcadan tərcüməçisi kimi tanınır - V.Q.) yanında yaşayıb, sonra isə Türkiyəyə köçüb".

Amma əldə olan sənədlər məhkəmə prosesi başa çatdıqdan sonra onun 1912-ci ilin oktyabrından Arxangelsk dəniz limanında mühəndis-mexanik işlədiyini, bir il sonra isə vətənə qayıdıb Yelizavetpol (Gəncə) Quberniya idarəsinin Tikinti şöbəsində texnik kimi fəaliyyətini davam etdirdiyini göstərir. Uzaq Arxangelskə Rusiya Sənaye Nazirliyinin təyinatı əsasında getsə də, bunu daha çox bir müddət Qafqazdan uzaqda, özü və ailəsi üçün təhlükəsiz şəraitdə yaşamaq istəyi ilə də izah etmək mümkündür. Nümunəvi xidmətinə görə saray müşaviri (orduda polkovnik-leytenant rütbəsinə uyğundur - V.Q.) çini almış, bir sıra ordenlərlə təltif olunmuşdu. Hacı ilə münasibətləri pozulduqdan sonra özəl biznes sahəsinə keçib qardaşları ilə birlikdə Kür çayında sərnişin və yük daşımaçılığı ilə məşğul olan "Küratan" adlı şirkət yaratmışdı.

Lütfəli bəy Behbudov milli ruhlu, açıq fikirli Azərbaycan ziyalıları sırasında rus çarizminin süqutunu vətəninin azadlıq və istiqlalına aparan nadir imkan kimi dəyərləndirmişdi. 1917-ci ildən etibarən ictimai-siyasi həyatda fəal iştirak etmişdi. 9 (22) mart - 15 (28) noyabr 1917-ci ilə qədər Cənubi Qafqazın müvəqqəti hakimiyyət orqanı funksiyasını həyata keçirən OZAKOM-un (Xüsusi Zaqafqaziya Komitəsi) Qarabağda xüsusi nümayəndəsi olmuşdu. Bununla bir sırada həm də Qarabağ Özünüidarə Komitəsinin sədri seçilmişdi. Xalq arasında tanınan nüfuzlu ziyalı və ictimai xadim kimi əslində faktiki hakimiyyətsizlik dövründə həm də Xüsusi Komitənin bir sıra vacib tapşırıqlarını yerinə yetirmişdi. Məsələn, Komitə sədri V.A.Xarlamovun 30 avqust 1917-ci ildə imzaladığı bir vəsiqə onun ictimai-siyasi fəaliyyəti üzərinə işıq salır. Sənəddə deyilir: "Mühəndis L.Behbudova ona görə verilib ki, o, Xüsusi Zaqafqaziya Komitəsinin müvəkkili qismində bu il 25-26 avqust tarixlərində Mangilisdə köçərilərlə əsgərlər arasında meydana çıxan insidenti təhqiq etmək üçün göndərilir. Ona görə də bütün hökumət müəssisələri, şəxs və ictimai təşkilatların L.Behbudova hər cür mümkün yardım göstərməsi rica olunur".

1917-ci ilin sentyabrında isə Lütfəli bəy Məhəmmədrza Vəkilov, Xosrov Sultanov, Əhməd Pepinov və Qafqaz Şeyxülislamı Axund Məhəmməd Pişnamazzadə ilə birlikdə Cənubi Qafqazın quberniya və qəzalarında müvafiq sərhəd dəyişikliklərini nəzərdək keçirən komissiyanın işində iştirak etmişdi. Gürcü və erməni nümayəndələrin də daxil olduğu komissiya əslində gələcək müstəqil Transqafqaz respublikalarının ilkin sərhəd koordinatlarını müəyyənləşdirmək vəzifəsini həyata keçirirdi.

Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri ilə birlikdə Lütfəli bəy də 1918-ci fevralın 23-də Tiflis şəhərində toplanan nümayəndəli qanunverici dövlət orqanına - Zaqafqaziya Seyminə seçilmişdi. Seymin "Müsavat və bitərəflər" fraksiyasının üzvü olmaqla bir sırada Cənubi Qafqaz üçün ən mübahisəli və ağrılı məsələlərdən birini nizama salmağa çalışan Torpaq komissiyasının fəaliyyətində iştirak etmişdi.

Yaranmış mürəkkəb şəraitdə Seym üzvləri qanunverici fəaliyyətlə yanaşı, icra hakimiyyəti funksiyasını da öz üzərlərinə götürmüşdülər. Çünki həmin dövrdə artıq vəzifələrinin öhdəsindən gələ bilməyən Zaqafqaziya Komissarlığı buraxılmışdı. Ona görə də qanunverici qurumun 13 (26) mart 1918-ci il tarixli iclasında gürcü menşeviki Y.P.Geqeçkorinin rəhbərliyi altında yeni hökumət kabinəsi yaradılmışdı. Bu qurumda nazir portfeli alan altı azərbaycanlıdan biri də Lütfəli bəy Behbudov idi. Seymin qərarı ilə Nəsib bəy Usubbəyov xalq maarifi, Xudadad bəy Məlikaslanov yollar, Fətəli xan Xoyski ədliyyə, Məhəmməd Həsən Hacınski ticarət və sənaye, Lütfəli bəy Behbudov poçt və teleqraf naziri təyin olunmuşdu. İsa bəy Heydərov isə dövlət nəzarətinə rəhbərlik etməli idi. Amma təbii ki, bütün Qafqaz miqyasında xaos və anarxiyanın hökm sürdüyü bir şəraitdə bu təyinatlar daha çox nominal xarakter daşıyırdı.

Ona görə də Bakıdakı mart qırğınının ardınca demək olar ki, Azərbaycanın hər tərəfini bürümüş erməni terroruna qarşı xalqın mübarizəni təşkil etmək məqsədi ilə Lütfəli bəy bir vaxtlar əcdadlarının səltənət qurduğu Qarabağa, Şuşaya qayıtmışdı.

"1917-1920-ci illər Dağlıq Qarabağ hadisələri" (Yerevan, 1966) kitabının müəllifi, həmin dövrdə bölgədə fəaliyyət göstərən erməni Milli Şurasının üzvü olmuş Arutyun Tumyan sovet dövründə qələmə aldığı xatirələrində yazırdı: "Aprelin (1918-ci il nəzərdə tutulur - V.Q.) əvvəllərində keçmiş Zaqafqaziya Komissarlığının poçt və teleqraf naziri, mühəndis Lütfəli bəy Behbudov Şuşaya gəldi. O, Tiflisdən özü ilə 500 min manat pul gətirmişdi. Bu pulun 300 mini bölgə sakinlərinin ehtiyaclarına, 200 mini isə anarxiyaya qarşı mübarizəyə sərf edilməli idi. Əlbəttə, ərzaq üçün nəzərdə tutulmuş məbləğ xalqın zəruri ehtiyacları ilə müqayisədə dəryada damla timsalında idi. Pullar şəhər xəzinəsinə köçürüldü. Türk, yaxud erməniliyindən asılı olmayaraq ehtiyacı olan hər vətəndaşa 50 manat verildi. Ayrılan məbləğ yalnız bir neçə pud buğda almağa güclə çatardı. 200 min manat isə Zaqafqaziya Komissarlığının təklifinə əsasən aran və dağlıq Qarabağda əhalinin ümumi vəziyyəti ilə tanışlığa və təhlükəsizlik tədbirlərinə, anarxiyaya qarşı mübarizəyə, habelə bəzi yerli problemlərin həllinə yönəldildi. Bu işlər müsəlman Milli Şurasından Lütfəli bəy Behbudov, erməni Milli Şurasından isə Ayrapet Musaelyan tərəfindən həyata keçirildi. Məsələlər öncə Milli Şuralarda müzakirə olunurdu. Sonra hər iki Şura üzvlərindən ibarət Beynəlmiləl Komitədə baxılırdı. Behbudov həm də Zaqafqazuya Komissarlığının nümayəndəsi kimi ortaya çıxan mübahisəli məsələlərin araşdırılması və həllində yaxından iştirak edirdi".

Həmin dövrdə Şuşada olsa da, 1918-ci il mayın 27-də Seymin azərbaycanlı deputatları onu Azərbaycan istiqlalının elanı məqsədi ilə yaradılan Milli Şuranın üzvü seçmişdilər. Təbii ki, bu ali qurumun təmsilçisi kimi bir neçə aydan sonra Məclisi-Məbusan - Parlament üzvlüyünə də nümayəndə göstərilmişdi. Yuxarıda adını çəkdiyim Arutyun Tumyan Qarabağ məsələsi ilə bağlı aralarında kəskin fikir ayrılıqları olmasına baxmayaraq, Lütfəli bəyin qısa müddət ərzində regionun hər iki icması arasında böyük nüfuz qazandığını etiraf etmişdi.

(Ardı var)
Vilayət QULİYEV
525.az