Cahid Hilaloğlu barədə ilk dəfə 2002-ci ildə yazmışdım. Onu yuxumda görmüşdüm. Yuxuda gördüyüm qiyamət ruzigarıydı. Alov dilimləri şəklində qiyamət küləyi...
Cahid Hilaloğlu barədə yazım bu sözlərlə başlayırdı: "Mən qiyamət ruzigarlarını röyada, Cahid Hilaloğlunu isə həyatda görmüşəm".
Cahid Hilaloğlu ilə "Molokan" bağındakı çayxanada əyləşib bir çay içimi söhbət etmişəm və indi xatırlamıram ki, Cahid Hilaloğlu o zaman nədən danışırdı, əslində onun yadımda qalmayan söhbətləri əvvəldən axıracan mücərrəd olardı və söhbətləri kimi səsi də, geyim-keçimi də, sığalsız saçları da ona laübalı bir görkəm verərdi.
Bilirdim ki, bu həmin Cahid Hilaloğludur - 1957-ci ildə, mayın 28-də Qız qalasına üçrəngli bayrağı sancan Cahid bəy.
Heç bilmirəm, nə üçün gecənin bir aləmi, Bayraq günü ərəfəsində Cahid Hilaloğlunun pərişan görkəmi gəlib yaddaşımın önündə aynalanır və "yaz, deyir, məni də yaz..." Əslində bu gün hamıdan çox xatırlamalı olduğumuz azərbaycanlı Cahid Hilaloğludur.
O zaman - 1980-ci illərin əvvəllərində biz İncəsənət İnstitutunda oxuyurduq və Cahid Hilaloğlu ara-sıra, Parisin Qameni kimi, indi artıq sökülüb xatirə daşlarına da süpürgə çəkilmiş o yaşıl binanın qarşısında peyda olardı və dövrünün seçilmişləri, tanınmışları ona rast gələndə, sadəcə, salam verməklə yetinərdilər, daha durub Cahid Hilaloğludan hal-əhval soruşmazdılar. Çünki hamı bilirdi ki, o, dissidentdir. Əslində hal-əhval soruşsaydılar belə, Cahid bəy onlara düz-əməlli cavab verməzdi. Xatırlayıram: bir dəfə Mehdi Məmmədov onu: "Xoş gördük, Cahid" - deyə salamladı və Cahid bəy birbaşa Şekspirdən danışmağa başladı. Özü də necə danışmağa: "Hamleti Molokan bağındakı bu ağacdan asmışdılar" - deyə yaxınlıqdakı ağacı göstərdi. Sonra da ildırım sürəti ilə küçənin o biri səmtinə keçdi.
Bu həmin Cahid Hilaloğlu idi - 1957-ci ildə Qız Qalasına üçrəngli bayrağı sancan Cahid Hilaloğlu.
Yanından laqeyd ötüb keçirdilər. Özü bunun fərqində deyildi. Bir daha təkrar edirəm ki, dindirib-danışdıran olsaydı belə o, yenə də başqa aləmlərdən xəbər verəcəkdi, başqa-başqa sözlər danışacaqdı.
2002-ci ildə haqqında yazdığım "Tərkedilmiş, yaxud Cahid Hilaloğlunun tamamlanmamış obrazı" adlı essemdə (bilmirəm, o vaxta qədər Cahid Hilaloğlu barədə yazılmışdımı?) belə bir cümlə vardı: "Bu yazını yazdıqca onun da fərqinə varıram ki, necə olur, heç zaman, hər halda, ən azı iyirmi ildir yadıma belə düşməyən bir insan, qəfil yaddaşımın unutqanlıq buzunu əridir, dəbdə olan adların yerinə öz adını xatırladır və mən həyatının nə əvvəlini, nə də sonrasını bilmədiyim Cahid Hilaloğlu barədə düşünməyə başlayıram".
Həmin yazını Alqış Həsənoğlu 2002-ci ildə "Yeni Azərbaycan" qəzetində dərc etdi.
İndi isə onu neçə ildən sonra yenidən xatırlayıram. Saçları kimi pərişan geyimini, yerişini, çay içməyini, söhbətlərini, səsini, taleyini... Bayrağımızı Qız Qalasına taxdığı üçün antisovet damğası ilə suçlanmış, 10 il həbsdə yatmış, vətəndaşlıqdan məhrum edilmişdi.
İndi Azərbaycanda Bayraq günüdür. Sovet dönəmində bu bayrağın qarasevdalısı olmuş Cahid bəy Hilaloğlu adının bu gün bütün millət tərəfindən anılmasını hamıdan daha çox haqq edir.
Hər halda, 1957-ci ildə o, üçrəngli müqəddəs Azərbaycan bayrağını daşımışdı.
İndi Azərbaycanda Dövlət Bayrağı günüdür. Həmin üçrəngli bayrağın günü. Bu gün Cahidi kimsə xatırlayırmı, xatırlayacaqmı, bilmirəm. Mən isə bu ərəfədə Xəlil Rza Ulutürk barədə İsmayıl Şıxlının yazdıqlarını xatırlayıram: "Yanvar qurbanlarının - şəhidlərin ili idi. Matəm izdihamı dalğalanırdı...Səhhətim imkan vermədiyinə görə matəm mərasiminə gedə bilməmişdim. Evdə, televiziya qarşısında oturmuşdum. Şəhidlər xiyabanı ilə Ali Sovet və "Moskva" mehmanxanası arasındakı dairəvi meydança ilə insan seli fırlanıb axın-axın qəbirləri ziyarət edirdi. Birdən meydançanın ortasındakı yaşıl dairədə təkcə dayanan bir insan gördüm. Uzun saqqallı, başında papaq, qoltuğunda qovluq olan bir insan. Bu, Xəlil Rza Ulutürk idi. Duruşundan məyusluq və kədər yağırdı. Elə bil bu insan seli onu bir kənara atmışdı. Gərəksiz, lazımsız, öz tarixi rolunu oynayıb unudulmağa məhkum edilmiş adam kimi. Yadıma Qandinin, Nehrunun fikirləri düşdü: silahlı qiyam lazım deyil. Çünki inqilabın fütuhatlarından istifadə etməyə layiq olanlar döyüşlərdə qırılacaq, qələbənin nemətindən isə ona layiq olmayanlar istifadə edəcəklər. Yadıma bolqar yazıçısı İvan Vazovun "Səfillər" əsərindəki Makedonski surəti düşdü. Bütün ömrünü Bolqarıstanın azadlığına, inqilaba həsr edən, hər cür məhrumiyyətlərə: sürgünə, zindana, mühacirətə dözən şikəst Makedonskini qələbədən sonra heç kim xatırlamır, bu səfil inqilabçını hamı unudur...”
Cahid bəy də həmin makedonskilərdən biriydi. Bir göz qırpımında inqilabçılıq etmiş və sonra da tərk edilmişdi. Atılmış, unudulmuşdu. 1969-cu ildə İrəvan Dövlət Dram Teatrında, sonralar Bakıda Tədris Teatrında çalışmışdı. 1976-cı ilə qədər İncəsənət İnstitutunda rejissor sənətindən dərs deyib. Haqqında hansısa tələbəsinin xatirə qeydləri yoxdur. Rejissor kimi də, deyəsən, onu heç kəs xatırlamır. "Nəsimi" pyesi varmış... Bayraqdar kimi də, az qala, unudulub. 1992-ci ildə Ağdamda qəfil bir avtomobil qəzasından dünyasını dəyişmiş və elə ata yurdu Ağdamda da dəfn edilmişdi. İndi yəqin məzarı da yoxdur... Halbuki bu adam siyasi pandemiyanın tüğyan etdiyi SSRİ-də Azərbaycan Cümhuriyyətini bərpa etməyi, o taylı-bu taylı Azərbaycanın birləşdirilməsini həyatının məramına çevirmiş ilklərdən, azlardan biriydi. İndi isə mifdir - Azərbaycanın tərkedilmiş bayraqdar mifi.
Nə acı ki, biz tərkedilmişləri muzeylərdə qorunan sənət əsərlərindən, yaxud kitab səhifələrindən görüb, oxuyub təəssüflənir, heyrətə gəlirik. Və sanki onları bizə yaxınlaşdıran, bizə doğma edən talelərindəki pərişan və dərdli məqamlar, bir insan olaraq yaşadıqları tənhalıq iztirabları deyil, sənətkarın qüdrətidir. Yalnız sənət naminə vəcdə gəlirik. Elə bu səbəbdən də, məsələn, Bottiçellinin "Tərkedilmiş" tablosuna baxanda tanıdığımız tərkedilmişlərə deyil, məhz o tablodakı Əhdi-Ətiq qəhrəmanının - tərkedilmişin obrazına heyrətlənirik.
2002-ci ildə "Tərkedilmiş, yaxud Cahid Hilaloğlunun tamamlanmamış obrazı" essemi yazdığım gün Turan Cavidlə söhbət edirdik. "Dayan" deyib, yan otağa keçdi. Sekreterindən bir şəkil götürdü. Tələbələrinin, o cümlədən Cahid Hilaloğlunun Turan Cavidlə çəkilmiş fotosuydu. İncəsənət İnstitutunda rejissorluq təhsili alan Cahid bəy 1950-1952-ci ildə Turan Cavidin tələbəsi olmuşdu.
Bayraq günüdür. Pəncərəmdən bayraq meydanına, kənardan isə 1957-ci ilə baxıram. Orada, yəni 1957-ci ildə köksünə sıxdığı ay-ulduzlu, üçrəngli Azərbaycan bayrağını Qız Qalasının zirvəsinə daşıyan 28 yaşlı cavan bir oğlanın obrazını "görürəm" - Cahid Hilaloğlunun hələ rəsm edilməmiş, hələ yazılmamış, hələ romanlaşmamış, hələ şeirə çevrilməmiş obrazını... Bayraq sevdasının psixoloji zərbəsindən ömrü viran qalmış Cahid Hilaloğlunun obrazı. Əsl bayraqdar obrazıdır, deyilmi?
Cahid Hilaloğlunun simasında ədəbiyyatımızda bir roman qəhrəmanının yeri boş qalıb...
Azər TURAN
"Ədəbiyyat qəzeti"
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub