
Vasif Əlihüseyn
TƏK QALMIŞ ADAMAM,
Kİ, YASDAN ÇIXAM
Bu boyda ürəyə olmaz deyirəm,
deyirəm, bəlkə də, bir pasdan çıxa.
Sənin gedişinə yeyib-içirəm,
tək qalmış adamam,
ki, yasdan çıxam.
Azalar gəliş də, gediş də belə,
hamı mənə deyər axı, o yoxdu.
Mən də unudaram səni bilirsən,
bilirsən, torpağın üzü soyuqdu.
Daha bu daş ömrə söykənməz başım,
nə acıq verirsən, mənim nəyimə.
İndi bumbuz əlim torpaq götürər,
götürüb tullayar öz kürəyimə.
CANIMA BAĞLI ADAMLAR
əvvəl-əvvəl sevdiklərim,
sonra-sonra unuduldular.
canıma bağlı adamlar,
canımdan da yoruldular…
yavaş-yavaş gəldi keçdi
ağrılar da, sızaqlar da…
unutduğum adamlar da,
yoruldular uzaqlarda…
sonra-sonra anladım ki,
heç kimi ovutmamışam.
sonra-sonra anladım ki,
heç kimi unutmamışam.
indi-indi görürəm ki,
yollar adamlar köçündə.
mən unutmuşam sandığım,
yaddaşımın bir küncündə
yıxılıb, qalıb eləcə…
qalıb, qalanlar kimi
qalıb unudulanlar kimi…
YORĞANDAN QADIN DÜZƏLTMƏK
məftildən maşın düzəldirdik uşaqlıqda
böyüdük yorğandan qadın düzəltdik…
belə öyrəndik
başsız qadın bədəninə sarılmağı…
sonra anamızı qoyduq qəbirə
qollarımızda
və belə hiss etdik
qucağımızdakı qadın ağırlığını…
adamlara məzar daşısız ağlamaq
daha asandı, biləsən.
o, vaxtdan
yorğandan düzəltdiyim
başsız qadın bədəninə sarılıb
yatıram hər gecə.
canından bezib
ölümünə sevinənlər kimi
mən də sevgidən bezib, ayrılığa sevindim.
məndən narahat olma,
anamdan sonra
heç kimin gedişinə ağlaya bilmirəm…
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür