senetaz

Həsən Əliyev 80 D

18 Sentyabr 2025 64

Üzeyir işığı - Rafael Hüseynov yazır

Üzeyir işığı - Rafael Hüseynov yazır

İnsanlar var ki, onların əbədi gedişi ilə doldurula bilinməyəcək boşluqlar yaranır. Belələri haqqında adətən təəssüflə söyləyirlər ki, "yeri görünür".

Üzeyir bəylə ayrılıqdan onillər keçir. Ancaq bu böyük Vətən Övladının millət üçün etdiklərini düşünürkən, onun erkən gedişi haqqında fikrə dalırkən (63 yaş bəhrələr verməkdə davam edən o nəhənglikdə sənətkar və şəxsiyyət üçün nədir ki!) eyni ağrılı, nisgilli hissləri keçirsək də, həmin sözləri deməyə dil dönmür. Üzeyir bəy Hacıbəyli o müstəsnalardandır ki, getsə də, varlığı hər gün görünür, hər an duyulur.

Üzeyir bəy Qori seminariyasını bitirmişdi, yolunu müəllim kimi başlamışdı. Ancaq o, peşəcə yalnız müəllim deyildi. Həm də mühərrirdi, qəzetçi idi. O, məhsuldar qələmli ədib idi. Ancaq yalnız ədib də deyildi. O həm də yolunun lap əvvəlindən güclü bəstəkar idi. Fəqət Üzeyir bəyi yalnız bəstəkar da saymaq düzgün deyil. O, mədəniyyət təşkilatçısı, ictimai xadim idi. Ancaq onu məşğul olduğu bu peşələrin, tutduğu və hamısında da uğurlu olduğu bu yolların sırf hansı biri iləsə bağlayıb, digərlərini kənara qoymaq olmaz. Bu səmtlərin hər birində seçkin olan Üzeyir bəylə müasirlərinin hansınısa müqayisə edərək həmin şəxsə üstünlük vermək mümkün deyil. Üzeyir bəy nəyə əl qoyubsa, orda əvvəlinci olub, ən yaxşıya dönüb. Hətta bu keyfiyyətlərin hamısının birləşdiyi başqa şəxsiyyətlər olsa belə, onları da yenə Üzeyir bəylə yanaşı qoymaq mümkün deyil. Üzeyir bəy Tanrının ona bağışladığı çoxşaxəli istedadıyla, yaşadığı ömürlə, keçdiyi yolla, yaratdığı sənətlə, yadigar qoyub getdiyi məktəblə bütövlükdə millət qurucusu idi. Gördüyü işlərin hər biri də həmin Nadir Quruculuq Vəzifəsini yerinə yetirməkçün Pərvərdigarın ona bəxş etdiyi vasitələrdi.

Onun yaradıcı ömrü XX yüzilliyin birinci yarısı başa çatmamış tamamlandı. Lakin yeni minillikdə, asta-asta irəliləməkdə olan XXI əsrdə yenə onunlayıq.

Üzeyir bəy yaşamaqda və təsirini göstərməkdə davam edir. Azərbaycan xalqı bu gün belə çağdaşdırsa, varlığında və gündəlik həyatında həm qanı və kökləri ilə bağlı olduğu Şərq, həm də dünyanın qəbul etdiyi Qərb mədəni dəyərlərini qovuşduraraq onların canayatan ahənginə sahibdirsə, bunun təməl səbəblərindən biri məhz Üzeyir Hacıbəylidir.

Üzeyir bəy dünyaya missiya ilə, vəzifəylə gələnlərdən idi. İndi arxada qalmış yola baxarkən heyrətlənməyə bilmirsən - əyalətdən gələn 19-20 yaşlı gənc bir oğlan yolunun lap başlanğıcından milləti və yurdu yaxşılığa, qabaqcıllığa, örnəkliyə doğru dəyişmək yolunu tutur. Təlatümlü zaman içərisində etdiklərinin hamısı da dərhal bəhrələrini verməyə başlayır.

Üzeyir bəy Hacıbəyli o misilsiz millət əkinçilərindən, o xoşbəxt bağbanlardandır ki, əkdikləri bəhrələrini elə o, sağ ikən də verməyə başlamışdı. Onunla ayrılıqdan artıq çoxdandır ki, sürdüyü ömürdən də uzun vaxt keçir. Amma yenə Üzeyir Ağacının rişələri millət ruhunun dərinlərinə nüfuz etməkdə, faydalarını verməkdədir.

Üzeyir bəy yolunu başlayanda XX əsr yenicə başlanırdı və bu, başlanğıcı və nəhayəti bilinməyən zaman təqvimində sadəcə növbəti təzə yüzillik deyildi. Tarixin indiyəcən yaşanmışlara bənzəməyən təzə səhifəsi açılırdı və yeni zamanın özü dəyişilmələr tələb edirdi. Vaxtın istəyi bu idisə, həmin sifarişləri yerinə yetirə biləcək icraçıları da özü doğurmalı idi. Üzeyir bəy Vaxtın vücuda gətirdiyi, Zamanın umacaqlarının doğurduğu şəxsiyyət idi. Məhz yolun əvvəlindən, elə ilk gəncliyindən şəxsiyyət idi.

Elə həmin başlanan əsrin əvvəllərində ağlar-güləyən Sabir "dindirir əsr bizi, dinməyiriz" deyirdi. Ancaq gənc Üzeyir bəy dinməyənlərdən yox, yeni vaxtın çağırışlarına ilkin cavab verənlərdən idi. Lakin o, təkcə Azərbaycan insanını dindirən əsrin suallarını cavablandırmırdı. Yurddaşlarını təzə əsrin axarında yalnız vaxtla ayaqlaşmağa deyil, vaxtı qabaqlamaq üçün hazırlayırdı.

İlahi onun əlləri ilə millətçün ən geniş üfüqlərə sarı pəncərə açmışdı. Bunun başqa adı yoxdur. "Möcüzə" desən də yaraşar, "Allahın lütfü" söyləsən də, tam uyğun gələcək - ibtidaidən də məhdud musiqi savadı ilə "Leyli və Məcnun"u yaradanda Üzeyir bəyin 21 yaşı vardı. Bundan daha əvvəlsə - 19-20 yaşlarında ikən bir-birinin ardınca çıxmağa başlayan çoxlu Azərbaycan qəzetlərində işlənən sözlərdən ibarət rusca-türkcə, türkcə-rusca lüğət yaratmışdı. Heç kim ona tapşırmamışdı ki, bu işi gör. Bəlkə də bu hökm bir az dəqiq olmadı - əslində tapşıran vardı, bu, millətə xidmət məsləyi taleyinə alın yazısı kimi həkk olunmuş istedadlı gəncə Zamanın həvalə etdiyi iş idi. Millət ehtiyaclarını izahsız bir həssaslıqla anındaca duyaraq gərək olanları gücü çatan qədər ürəklə icra etmək cavanlığından ta sonacan Üzeyir bəyin sabit məziyyətlərindən oldu.

Görürdü ki, azərbaycanca və rusca müxtəlif qəzet-jurnallar buraxılır -hərəsinin istiqaməti başqa, xətti ayrı, dili, üslubu fərqli. Nəşrlərdən biri Avropanın, digəri Rusiyanın, bir başqası Osmanlının, bir ayrısı İranın təsirində idi. Əslində həmin bolluqda milli mətbuat da özünü, malik olmalı olduğu əsl çöhrəni arayırdı. Ancaq o nəşrləri oxuyan və çaş-baş qalan da bu xalq idi axı. Qəzetlərdə, dərgilərdə işıq üzü görən yazıların məzmunu, ictimai-siyasi havası o yana, bunların dili də elə bir halda idi ki, hərəsini oxuyub sonacan dərk etməkdən ötrü gərək müəyyən hazırlığın olaydı.

Üzeyir bəy daha sonralar yazdığı "O olmasın, bu olsun"a Rüstəm bəyin evindəki qonaqlıq səhnəsini də elə bu səmt qatmaqarışıqlığı, dil pərakəndəliyini nəzərə çarpdırmaqdan ötrü daxil etmişdi. Qoçu Əsgərin öz dili var, intelligent Həsənin öz dili. Qəzetçi Rza bir cür danışır, millətçi Həsənqulu bəy bir ayrı tərzdə. Hamısı Azərbaycan türküdür, o məclisdə elə hamısı da zahirən ana dilində danışır, ancaq elə danışırlar ki, axırda "Tarix-i Nadir"i yarısınacan mütaliə etmiş zavallı Məşədi İbad dilə gəlir ki, mən bu qədər oxumuşluqla sən deyəni anlaya bilmirəm, bu bisavadlar hardan başa düşsün.

Həmin lüğəti də Üzeyir bəy məhz ona görə tərtib etmişdi ki, mətbuat dilimizdəki nizamsızlıqda başını itirməməkçün camaata yardımçı olsun.

1907-ci ildə işıq üzü görən o kitabın naşiri Məhəmməd Əmin Rəsulzadə, nəşrə dayaq duran, onun haqqında ilk müsbət sözünü deyərək gənc Üzeyiri bu qəbil yeni addımlara ruhlandıran Əli bəy Hüseynzadə idi. Millətpərvərlər, millət quruculuğu yolunda çalışan insanlar. Belə bir üçlük belə bir kitabı ortaya çıxarırdısa, demək, bu əsər sadəcə lüğət sayılmaz, onu təyinatına uyğun şəkildə milli mənası və çəkisi olan ƏMƏL hesab etmək gərəkdir.

"Leyli və Məcnun"uyla da, "Əsli və Kərəm"i ilə də, "Şeyx Sənan"ıyla da, "O olmasın, bu olsun"uyla da, "Rüstəm və Söhrab"ıyla da, "Arşın mal alan"la, "Ər və arvad"la da, ya o illərdə yazdığı müxtəlif nəğmələrlə də Üzeyir Hacıbəyli Azərbaycan musiqi və ədəbi zövqünü kökləyirdi, Azərbaycan insanını daha irəliçi mədəni səviyyədə yüksəltməyə səy göstərirdi.

Azərbaycan boyu çoxlu ziyarətgahlar, ibadətgahlar, müqəddəs yerlər var. O yerlər varsa, mütləq onların hərəsinin özünəməxsus bir haləsi də olmamış deyil və heç bir müqəddəs yer təsadüfən seçilmir. Ancaq tapınılan, səcdəyə layiq olan məkanları yalnız dini abidələrə və tikililərə bağlamaq əsla doğru olmaz. Nizami Gəncəvinin, ya Hüseyn Cavidin türbələri elə məscid qədər səcdəyə və sevgiyə layiq deyilmi? Zatən, o qəbil əziz məkanlarımıza insanlarımız elə həmin duyğularla yollanırlar. Üzeyir bəyin ömrünün böyük parçasını yaşadığı, indi orada xatirəsi yaşayan ev-muzeyi də həmin ünvanlar cərgəsindədir.

Hər dəfə İçərişəhəri gəzib-dolaşarkən insan qədimlərə baş çəkib gəldiyini zənn etdiyi, daxilən saflaşdığı kimi, Üzeyir bəy ocağına da hər yeni ziyarət bu Millət Zirvəsi haqqında təzədən düşünməyə, onun bizə nələr verdiyi haqda fikrə dalmağa sövq edir.

Dünyada Vaxtdan qiymətli heç nə yoxdur. Üzeyir bəyin yurdumuza və xalqımıza ən ali töhfəsi onun millətə zaman bağışlaması, Vətəni və Milləti zamanca getməli olduğu gerçək sürətdən daha yeyin tərzdə irəli apara bilməsidir.

Üzeyir Hacıbəyli "Leyli və Məcnun"u 1907-ci ildə yazıb bitirmişdi. Əsər növbəti ilin başlanğıcında səhnəyə gələndə onun 22 yaşı vardı. Əslində isə, özünün sonralar etiraf etdiyi kimi, belə bir əsəri araya-ərsəyə gətirmək fikri onun qəlbində hələ yeniyetməykən - 13-14 yaşlarında olanda Şuşada şahidi olduğu bir musiqili səhnəciyi görəndən sonra doğulmuşdu.

Əhvalat vaqe olubmuş Şuşadakı Xandəmirov teatrında. Cabbar Qaryağdıoğlu Məcnun qiyafəsində imiş, başına quş yuvası qoyaraq Leyli həsrətindən deyən qəzəli yanıqlı-yanıqlı oxuyurmuş və "Leyli və Məcnun"a həsr olunmuş el dastanından olan bu parça balaca Üzeyiri riqqətə gətiribmiş. Üzeyir bəy sonralar yazırdı ki, elə o çağlarda ürəyimdə bir arzu yarandı: böyüyüm, Bakıya gedim və gələcəkdə elə bir əsər yazım ki, orda iştirak edənlər sadəcə danışmasınlar, həm də oxusunlar.

Qori seminariyasında həftədə digər fənlərlə yanaşı bir-iki dəfə musiqi dərsi də olarmış ki, müdavimlərə musiqi zövqü aşılansın, sabah məktəbə gedib müəllimliyə başlayanda nəğmə dərsini də apara bilsinlər. Onlar rəqs etməyi, skripkada çalmağı öyrədirmişlər. Digər "qorili" tay-tuşları kimi, Üzeyir Hacıbəylinin musiqi savadı bu boyda idi. Ancaq bununla belə, həmin ufacıq musiqi biliyi (amma əvəzində aşıb-daşan istedadı ilə!) Üzeyir Hacıbəyli Azərbaycanın və Şərqin ilk operasını yaratdı, həm də elə yolunun siftəsindən operanın yeni bir çeşidini - muğam operasını xəlq etməyə müvəffəq oldu. Ancaq dünya operaçılıq ənənələri baxımından, elə Üzeyir bəyin öz yaradıcılıq ömrünə nəzərən də bu əsər bitkin, bir musiqi janrı və şəkli olaraq operanın oturuşmuş tələblərinə cavab vermək baxımından hələ bəsit idi. Sonralar Üzeyir bəy özü də bu ilk əsərinə daha püxtəcəsinə əl gəzdirdi, bəstələdiyi yeni opera və operettalar da dünyada təsdiqlənmiş opera və operetta qəliblərinə daha artıq uyğunlaşmağa doğru irəlilədi.

Üzeyir bəy ilk dəfə 1938-ci il martın 16-da "Bakinskiy raboçiy" qəzetində dərc edilmiş "Leyli və Məcnun"dan "Koroğlu"ya qədər" adlı məqaləsində yazırdı: "Bu il Azərbaycan operasının otuz illiyi tamam olmuşdur. Həm ilk, həm də hələlik axırıncı Azərbaycan operasının müəllifi olmaq şərəfi mənə nəsib olmuşdur. Beləliklə, "Leyli və Məcnun"dan "Koroğlu"ya qədər keçilən yol təkcə Azərbaycan operasının otuzillik tarixi deyil, həm də mənim şəxsi yaradıcılıq yolumdur".

Üzeyir bəyin özünün də təsdiqlədiyi kimi, "Leyli və Məcnun"un partiturası yox idi. Bunu hadisələrin və vokal nömrələrinin ardıcıllığını göstərən "direksion" əvəz edirdi. Nota ancaq orkestr musiqisi və xor üçün xalq mahnılarından götürülmüş melodiya materialı salınmışdı. Müğənnilərin oxuduqları muğam ladında mətndən kənara çıxmamaqla improvizasiya ilə məşğul olmalarına tam ixtiyar verilirdi. Hər bir muğamın olduqca çox improvizasiya variantı vardır, ona görə də hər bir müğənni "Leyli və Məcnun"dan ariyaları öz bildiyi kimi oxuyurdu". Lakin 1937-ci ildə birinci dəfə səhnəyə çıxaraq, elə 30 il qabaq "Leyli və Məcnun"unda olduğu kimi, könülləri fəth edən "Koroğlu"yasa daha o cür əmmaları qoymaq mümkünsüzdü. Bu, opera janrının bütün quruluş tələblərinə cavab verən mükəmməl bir sənət incisi idi.

Sadədən mürəkkəbə doğru operaçılıq yolunu dünya, Avropa 300 ilə qət etmişdi.

Azərbaycan Üzeyir bəyimizin sayəsində bu məsafəni 30 ilə keçdi.

Və bu iki rəqəmdə, bu iki rəqəm arasındakı məsafədə rəmz var.

Bu, Üzeyir bəyin kimliyinin, mənəviyyat və mədəniyyət tariximizdəki ağırlığının göstəricisidir.

300 illik yolu 30 ilə keçməklə o, millətini sıçrayışlı bir tərzdə mədəni üfüqlərdə yüksəklərə qaldırdı. Əlbəttə ki, bu xidmətləri müqabilində hər gün, hər an milləti ilə birgə olmaq, hər gün, hər an milləti ilə birgə nəfəs almaq, hər gün, hər an millətinin bağrının başında yaşamaq Üzeyir bəyin ana südü kimi halal haqqıdır.

...Üzeyir bəyi millətimiz 1948-ci ilin noyabrında itirib. Onunla əbədi ayrılıqdan artıq 80 ilə yaxın bir zaman keçir. Üzeyir bəylə oturub-durmuşların, hətta onu sadəcə uzaqdan-uzağa görmüşlərin əksəriyyəti artıq həyatda yoxdur, bəlkə də elələrindən bir neçə nəfər qalmış ola. Biri elə yazıçı Anar. Xatırlayır ki, məktəbli idik, konservatoriyanın, indiki Bakı Musiqi Akademiyasının qarşısındakı meydanda futbol oynayırdıq, Üzeyir bəy gendən keçirdi, bizim tərəfə baxdı.

Və o baxış yadda əbədi qalıb.

O cür baxan Üzeyir bəyi, olsun ki, kinolentlərdə, fotolarda min dəfələrlə görmüş olasan. Ancaq Üzeyir bəyin bircə canlı baxışına şahid olmaq bəxtiyarlığının ömürdə silinməyən izi qalır axı!

Tale mənə də o xoşbəxtliyi nəsib elədi ki, heç olmazsa, Üzeyir bəyi görmüşlərlə, həm də onunla çox yaxın təmasda olmuşlarla ünsiyyətdə oldum. Mənə illərcə istisi soyumayan xatirələrini danışdılar. Onlar elə şəxsiyyətlər idilər ki, Üzeyir bəylə nəfəsini duyacaq qədər yaxın olmuşdular. Bəziləri ailə üzvləri, yaxın qohumları idi, bir parası həmkarları, dostları, tələbələri. Onların söylədiyi Üzeyir bəyli hekayətlər içərimə yığılırdı və indi yarım əsrə yaxın bir müddətə sığan həmin xatirələr yükünün təsiri ilə mənə elə gəlir ki, sanki Üzeyir bəyi elə özüm də canlı görmüşəm, həmin söylənənlərin şahidiyəm. Yenə Radioya minnətdaram ki, nə yaxşı, zaman-zaman dindirdiyim o təbərrük insanların danışdıqlarının hamısını lentə alıb saxlamışam. O səslər diridir, o səslərdə o insanlar canlıdırlar və həmin xatirələrdə Üzeyir bəy də sağdır.

Üzeyir bəy haqqında mən ilk dəfə yalnız kitabdan deyil, onu görmüş, onunla həmsöhbət olmuş bir insanın dilindən xatirəni 1970-ci illərin lap başlanğıcında və tam təsadüfən eşitdim. Tələbəydim, Bayılda, elə indi də o tərəfə gedən yolda var olan yanğınsöndürmə məntəqəsindən sonra gələn beşmərtəbəli, gözəgəlimli memarlığı olan binada yaşayırdım. Oxuduğum Şərqşünaslıq fakültəsinin yerləşdiyi İstiqlaliyyət (ozamankı Kommunist) küçəsindən dərsdən sonra piyada el içində "Goburnat bağı" deyilən Filarmoniya bağını keçərək Azneft meydanına enər, ordan evə gedərdim. Bakının o vaxtlar məşhur olan "İnturist" mehmanxanası yolumun üstündə idi. Rayondan mənə göndərilən, ya özümün gətirdiyim yemək ehtiyatım tükənincə həftədə iki dəfə orda nahar edərdim. Köhnə bakılılardan, o çağlarda "İnturist"ə gedənlərdən, yəqin ki, xatırlayanlar var. O xudmani mehmanxananın restoranının yaxşı mətbəxi vardı və müəyyən tanınmış, keçmiş görkəmli dövlət xadimləri, qocaman hərbçilər, yazıçılar, şairlər, alimlər vardı ki, oranın daimi sakini idilər, hər gün, günaşırı nahara, şama öz evlərinə gələn kimi gələrdilər.

Məni ara-sıra gəlişlərimdən birində qocaman yazıçı Əli Səbri ilə eyni masada əyləşdirdilər və çoxdan burda gendən bir-birimizi dəfələrlə gördüyümüzdən tezcə tanış olduq. Əli Səbrinin o vaxt yaşı artıq səksəni keçmişdi. Sonrakı gəlişlərimdə də yanı boş olanda çalışardım ki, həmişə onunla eyni süfrə arxasında oturum. Hər dəfə də söz-sözü çəkdikcə qocaman yazıçı mənə keçmişdən müxtəlif maraqlı xatirələr söyləyərdi. O xatirələrdən bir neçəsi də Üzeyir bəy haqqında idi.

Nağıl edirdi ki, Bakıya 1913-cü ildə köçüb və elə gəldiyi ilk aylardan da ayağı qəzet-jurnal redaksiyalarına açılıb. Üzeyir bəy 1914-cü ildə Petroqraddan (indi Sankt-Peterburq) Bakıya qayıdıbmış, mətbuatla köhnədən bağlı olduğundan yenə mütəmadi olaraq yazıları ilə redaksiyalara baş çəkirmiş. Belə günlərdən birində təsadüfən tanış olurlar. Əli Səbri söyləyirdi ki, həmin çağlar onun da ara-sıra mətbuatda məqalələri dərc edilirmiş. Bir bədii əsərini Üzeyir bəy oxuyub bəyənibmiş, bunu özünə də söyləyibmiş, həmin görüş də mehriban münasibətlərinin yaranmasına səbəb olubmuş.

Üzeyir bəyin cildlərini oxumuşdum, onun həmin cildlərdən birindəki məqalələrindən, bir qisim gizli imzalarından da xəbərim vardı. Ancaq Əli Səbri Üzeyir bəyin mətbuat həyatından danışırdı, onun 1906-1907-ci illərdə qəzetlərdə dərc edilən məqalələrinin məzmununu, elə axırıncı dəfə bu gün restorana gəlməzdən qabaq oxuyubmuş kimi, dəqiqliklə mənə söyləyirdi. Məqalələrdən danışdıqca da həmin illərin hadisələrindən, hansı yazısından sonra Üzeyir bəyin nələrlə qarşılaşmasından bəhs edirdi və dünən dönüb olurdu bugün. Əli Səbri deyirdi ki, 1906-cı ildə Üzeyir bəyin "İrşad" qəzetində ardıcıl olaraq "Ordan-burdan", "O yan-bu yan" təxəllüslərü ilə məqalələri dərc edilirmiş və bu yazılar o çağlarda ictimai-siyasi həyatda fəal mövqeyi və nüfuzu olan Nəriman Nərimanovun diqqətini cəlb edir. Özü bu ümid verən gənclə tanış olmaq təşəbbüsünə düşür və ilk görüşlərindən birində onu Sultan Məcid Əfəndiyevlə tanış edir. Sultan Məcid Əfəndiyev də Üzeyir bəyin yazılarını oxuduğundan və düşüncələrini dinləyərək ona heyran qaldığından təklif edir ki, indi "Təkamül" adlı bir qəzet nəşrə başlayacaq, pis olmazdı felyetonlarından burda da dərc etdirəsən.

Əli Səbri mənə o zaman Üzeyir Hacıbəylinin indi çoxlarına bəlli olmayan bir təxəllüsü haqqında da söyləmişdi. Deyirdi ki, Nəriman Nərimanovla, Sultan Məcid Əfəndiyevlə tanış olandan sonra Üzeyir bəy "İrşad"da da, "Təkamül"də də dərc edilən bir para felyetonlarını "Marzadə" təxəllüsü ilə imzalayırdı. "Marzadə", yəni ilan balası, ilan kimi çalan.

Beləcə, təsadüfi tanışlıqdan, Əli Səbrinin xatirələrini dinləyəndən sonra sanki Üzeyir bəy mənimçün əyaniləşdi, dahi şəxsiyyətə mənim marağım və məhəbbətim qat-qat artdı.

Və bəxtim də gətirdi. Elə həmin tələbəlik illərində - 1970-ci illərin başlanğıcında Azərbaycan mədəniyyətinin, Azərbaycan ziyalılığının bel sütunları olan şəxsiyyətlərlə yaxınlığım yarandı. Maestro Niyazi, görkəmli rejissorumuz Şəmsi Bədəlbəyli ilə, onun qardaşı, universal zəkalı cazibədar şəxsiyyət Əfrasiyab Bədəlbəyli ilə, mahir tarzən Bəhram Mansurovla, unudulmaz müğənnimiz Yavər xanım Kələntərli ilə, teatr tariximizi beş barmağı kimi bilən Qulam Məmmədli ilə, operamızın beşiyi başında duranlardan olmuş Hüseynqulu Sarabskinin övladı, teatrşünas Azər Sarabski ilə və o çağın neçə başqa tanınmış ziyalısı ilə dostluğumuz, xoş münasibətlərimiz əmələ gəldi. Aramızda yetərincə böyük yaş fərqi olsa da, onlar məni lütfkarlıqla içəri dünyalarına yaxın buraxdılar, simsar kimi qəbul etdilər. O xəzinə insanlarla oturub-durmaqlar məni mən etdi - düşüncəmi, duyğu aləmimi cilaladı.

Və onların hər biri Üzeyir bəy aşiqi idi.

Maestro Niyazi Üzeyir bəyin dost-doğma qardaşı Zülfüqar Hacıbəylinin övladı idi. Maestronun Üzeyir bəyli xatirələri onun lap körpəlik çağlarından başlanırdı. Söz yox, hələ heç dil açmadığı əyyamlarda, körpəlik çağlarında baş verən hadisələr onun öz yaddaşında qalmamışdı. Böyüklər söyləmişdilər, o söylənənləri də illər keçəndən sonra Maestro elə özü də görüb yadda saxlayıbmış kimi danışırdı. Deyirdi ki, məni doğum evindən yenicə çıxarıblarmış. Anamın qucağındaymışam. Üzeyir bəy Məlikə xanımla gəlib. Əmim üzümdəki örtüyü qaldırıb, xeyli baxıb, birdən deyib ki, ay Məlikə, bax e, bax, gülümsəyir uşaq.

Birlikdə olduğumuz uzun axşamlarda, gecə saatlarında Maestro Niyazi Üzeyir nağıllarını söyləyərdi, maqnitofon işləyərdi. Danışardı ki, hər il sentyabrın 18-i gələndə həmin gün bizim ailələrdə ikiqat bayrama çevrilərdi. Xüsusən uşaqlar çox sevinərdi. Günorta nahara Müslüm bəygildə toplaşardıq, onun doğum gününü təbrik edərdilər, axşam hamılıqla Üzeyir bəygildə yığışardıq, bu dəfə ikisinin ad günü birlikdə qeyd olunardı.

Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevi birevli, qardaşca yaxın edən yalnız o deyildi ki, eyni ildə və eyni gündə - 1885-ci il sentyabr ayının 18-də doğulmuşdular, eyni illərdə Qori Müəllimlər Seminariyasında oxumuşdular, eyni ildə oranı bitirib müəllimliyə başlamışdılar. Həm də münasibətlərə kifayət qədər təsiredici bu səbəb də vardı ki, onlar ikisi də Terequlovlar ailəsi ilə qohum olmuş, qoşa bacılara evlənmişdilər. Müslüm Maqomayev Badigülcamalla, Üzeyir Hacıbəyli Məlikə xanımla qovuşmuşdu. Məsləklərinin, yollarının, düşüncələrinin, zövqlərinin, xətlərinin bir olması bu ailə yaxınlığıyla daha da qüvvətlənmişdi. Onların birliyindən mədəniyyətimiz, cəmiyyətimiz, bütövlükdə Azərbaycan qazanmışdı. Ancaq Maestro Niyazi bunu da söyləyirdi ki, Müslüm bəylə Üzeyir bəy bir-birinə nə qədər məhəbbət bəsləsələr də, eyni zamanda, bir-birinə son dərəcə tələbkar idilər. Bu onun, o bunun hansısa qüsurunu müşahidə edəndə qətiyyən gizlətməz, özünü görməzliyə vurmaz, açıq deyərdi.

Maestronun danışdıqlarındandır ki, Müslüm Maqomayev teatrda işlədiyindən "Şah İsmayıl"ın tamaşalarının xüsusi təntənə ilə keçməsi üçün həmişə müxtəlif tədbirlər görərmiş. Bəzən "Şah İsmayıl"dakı pərdələr arasındakı fasilələrdə müxtəlif pəhləvanların güləşi təşkil olunardı. Həm də bunlar sadəcə güləşçilər deyil, məşhur pəhləvanlar olarmış və afişada "Şah İsmayıl"da hansı rolu kimin ifa edəcəyini göstərəndən sonra aşağıda qeyd olunarmış ki, bu gün fasilədə, məsələn, adı dillər əzbəri pəhləvan Andrey Lodz və Sali Süleyman, ya Fyodor Margentanger güləşəcəklər. Üzeyir bəy buna bir dəfə baxır keçir, ikincidə dinmir, üçüncü dəfə səsini çıxarmır, amma həmin qurşaqtutdu dördüncü, beşinci dəfə təkrarlanaraq artıq bir ənənəyə çevriləndə sancmaya bilmir. Müslüm bəyin də eşidəcəyi tərzdə ona söz atır. Soruşur ki, bu gün teatrda nəyi göstərirlər? Cavab verirlər ki, "Şah İsmayıl"ı. Daha xəbər almır ki, Şah İsmayılı kim oynayacaq, ya Ərəbzəngini kim ifa edəcək. Deyir, hə, nə yaxşı, bəs bu gün kim güləşəcək?

Və Maestro Niyazi bunu da vurğulayırdı ki, bu cür bir-birini xırdaca tənqidetmələr heç vaxt qəlbə dəyməz, küsülülüyə bais olmaz, dərin narazılıq yaratmazdı, o bunu, bu onu başa düşərdi və həmin nöqsanı aradan qaldırmağa çalışardılar.

Ancaq hər halda Üzeyir bəylə Müslüm bəyin ömür boyu davam edən sarsılmaz dostluğunda bir balaca çat da oldu. Bu, 1932-ci ildə baş verdi. Səbəb "Koroğlu" idi. 1932-ci ildə günlərin birində Üzeyir bəyə onunla dost olan keçmiş maarif komissarı (1922-1927, 1928-1929), o dövrdə artıq Qırmızı Professura İnstitutunda təhsil alan Mustafa Quliyev (1893-1938) müraciət edir (1932-1934-cü illərdə həmin vəzəifəni artıq Müseyib Şahbazov (1898-1938) tuturdu). Deyir ki, vaxtın öz tələbləri var. İndiyəcən nə yazmısan, hamısı yaxşıdır. "Əsli və Kərəm" də gözəldir, "Leyli və Məcnun" da, "Şah Abbas və Xurşidbanu" da. Amma indi gərək tamam başqa əsərlər yazılsın. Yeni dövrün tələblərinə cavab verən əsərlərə, xalqın əzmini, inqilabi ruhunu, daxili coşqunluğunu göstərən əsərlərə ehtiyac var. Üzeyir bəy qayıdır ki, elə indi o mövzuda bir opera üzərində işləyirəm, "Dəmirçi Gavə"ni yazıram.

Dəmirçi Gavə Firdovsinin "Şahnamə" əsərinin qəhrəmanı idi ki, döşlüyünü çıxararaq bayrağa çevirmiş, zalımlara qarşı savaşa qalxmış, xalq da onun ardınca gedərək mübarizəyə başlamışdı. Mustafa Quliyev razılaşır ki, bəli, burdakı ideya yaxşıdır, ancaq Dəmirçi Gavənin Azərbaycana, bizə nə dəxli var? Bizim gül kimi Koroğlumuz var. Sən Koroğlu haqqında bir opera yaz.

Üzeyir bəy tərəddüdlə dillənir: "Axı onu Müslüm bəy başlayıb və "Koroğlu"dan bəzi parçalar da yazıb".

Doğrudan da, 1930-cu illərin əvvəllərinin mətbuatını vərəqləyəndə qəzetlərdə Müslüm Maqomayevin "Koroğlu" operası üzərində işləməsi barədə ara-sıra soraqlara rast gəlirik.

Mən Müslüm Maqomayevin əlyazmalarını, arxivini də müfəssəl araşdırmışam. Onun gündəliklərində 1930-cu illərin əvvəllərində "Koroğlu"dan artıq ayrı-ayrı parçaları yazmış olması haqda qeydləri də qalır.

Ancaq Mustafa Quliyev təkid edir ki, Müslüm Maqomayevə böyük hörmətimiz var, çox yaxşı da bəstəkardır. Ancaq sən yazanı o, yaza bilməyəcək, sən "Koroğlu"nu yaz. Həm milli əsər olacaq, həm də siyasi mənası olacaq. Bu, sənə indi çox lazımdır.

Mustafa Quliyev dövlətə, onun siyasətinə içəridən bələd insan idi, Üzeyir bəyə yuxarılardakı siyasi münasibətdən də agahdı və etdiyi təklifə əməl olunarsa, bunun Üzeyir bəyi qoruya biləcək vasitələrdən birinə çevriləcəyi qənaətində idi. O, Üzeyir bəyin kimliyini yaxşı dərk edirdi və özünün də perspektivləri genişdi. Nazir işləmişdi (o vaxtın "xalq komissarı" elə indinin naziri deməkdir), yüksək dövlət xadimləri hazırlamaqçün nəzərdə tutulmuş Qırmızı Professuranı bitirəndən sonra vəzifə nərdivanında bir az da yüksələcəyinə inanırdı, Üzeyir bəyi də sabahlar üçün qorumağı vacib sayırdı.

1937-ci ilin 5 iyulunda siyasi repressiyalar fırtınasının növbəti qurbanına çevrilən, Ukraynada həbs olunan Mustafa Quliyev "Koroğlu"nun möhtəşəm zəfərlərinə şahid ola bilməyəcək.

Haqqı itirməmək nəcabəti bizi gərək həmişə o təkidinə görə Mustafa Quliyevə minnətdar olmağa səsləyə. "Koroğlu" Azərbaycan mədəniyyətində büsbütün yeni bir səhifə açdı və bu opera həm də Üzeyir bəyi bizə təzədən qaytardı.

Onun həyatı həmin illərdə daima təhlükə altında idi. O, hər an həbs edilə, güllələnə, ən yaxşı halda sürgünə göndərilə bilərdi. Səbəblər çoxdu - bəy nəslindən idi, köhnə ziyalılardandı, Azərbaycan Cümhuriyyəti ilə birbaşa bağlı olmuşdu, odövrkü yazıları bir yana qalsın, "Azərbaycan" qəzetinə redaktorluq etmişdi, daha dəhşətli, başının üstündən sallanan Domokl qılıncı o idi ki, qardaşı Ceyhun Parisdə siyasi mühacirətdə idi. Bunların hər biri onun istənilən anda aradan götürülməsi üçün sovetin baxımından ən inkaredilməz əsaslar yaradırdı, həmin dövrdə bir çoxlarını bioqrafiyasında belə məqamlardan bircəsi olduğu üçün yox etmişdilər.

Ancaq 1937-ci ildə "Koroğlu" təntənə ilə millətlə ilk görüşünə gəlir, ardınca görünməmiş müvəffəqiyyətlə 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə nümayiş etdirilir. Opera rəhbər Stalini valeh edir, bu isə Üzeyir bəyin həyatında yenidən doğulmaq sayılacaq qədər həlledici səhifənin açılmasına gətirib çıxarır. Üzeyir Hacıbəyli namizədlik stajı keçmədən, elə birbaşa Stalinin zəmanəti ilə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul edilir.

Üzeyir bəyi daimi səksəkədə saxlayan mühasirə yırtılır. 1938-ci ildən - "Koroğlu"nun təntənəsindən sonra o, artıq daha rahat bir şəraitdə yazıb-yaratmağa başlayır.

Üzeyir bəy haqqında mənə çox xatirələr söyləmiş unudulmaz Qulam Məmmədlinin "Koroğlu"nun səhnəyə ilk gəldiyi günlə bağlı təsirli yaddaşları vardı. Deyirdi ki, 1937-ci il aprel ayının 30-da "Koroğlu"nun premyerası olacaqdı və o zaman mən "Yeni yol" qəzetinin redaktoru idim. Qərara aldıq ki, əməkdaşlarımızla səyyar redaksiya quraq, gedək teatra və tamaşa ərəfəsində, pərdələr arasındakı fasilələrdə müsahibələr alaq, həmin isti-isti təəssüratlar əsasında əsərin ilk nümayişi haqda məqalə hazırlayaraq dərc edək.

Aydın məsələdir ki, "Koroğlu"nun bayram kimi gözlənilən premyerasına oçağkı Azərbaycan ziyalılığının xeyli tanınmış simaları gəlibmiş.

Qulam Məmmədli kədərqarışıq duyğuyla bunu da söyləyirdi ki, 1937-ci il aprel ayının 30-dan 1937-ci il iyun ayının 4-dək olan vaxt məsafəsi qısadır. Ancaq elə bil o 2 gün illər qədər aralıymış. 1937-ci ilin 30 aprelində "Koroğlu"nun premyerasında həmin tamaşa salonunda Salman Mümtaz da vardı, Seyid Hüseyn də, Əhməd Cavad da vardı, Mikayıl Müşfiq də, Kazım Ələkbərli də vardı, Hüseyn Cavid də.

Və Qulam Məmmədlinin "Koroğlu" haqda rəy almaqçün yanaşdığı növbəti müsahibi Hüseyn Cavid olur: "Koroğlu" operası Azərbaycanın opera aləmində öz revolyusion coşqunluğu ilə, bədii yenilikləri ilə, parlaq xalq musiqisi ilə son dərəcə yüksək bir yer tutmaqdadır".

Bu sətirləri "Yeni yol"un növbəti sayında hamı oxuyur. Ancaq kimsənin ağlına gəlmir ki, bu, Cavidin sağlığında mətbuatda dərc edilən son yazısıdır.

Qarşıdan Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının iyunun 3-də keçirilən nəhs XIII qurultayı, həmin qurultayda qəddar Mircəfər Bağırovun bir silsilə parlaq Azərbaycan ziyalısını "xalq düşməni" elan edən mərdümazar məruzəsi, elə həmin gecə - iyunun 4-dəcə başlanan kütləvi həbslər gəlirdi.

"Koroğlu" səhnəyə gəldiyi, ilk səsləndiyi gündən Üzeyir bəyin də həyatını dəyişdi, Azərbaycan musiqisinə də yeni bir yön və çöhrə verdi. Bu, Azərbaycan mədəniyyətindəki yeniləşmənin, təzə dalğanın təntənəsi idi.

90 ilə yaxın zaman sovuşub, nə qədər nəsillər dəyişib, tamam ayrı zövqlərin və baxışların bərqərar olduğu zəmanədə yaşayırıq. Ancaq dəyişən təqvimlər "Koroğlu"nun təravətini, əzəmətini, sevimliliyini əsla azltmayıb. Qoç Koroğlu həmişə at belində olduğu kimi, Üzeyir "Koroğlu"su da həmişə şöhrət qanadlarındadır.

Yadıma düşür unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin elə həmin çağlarda mənə söylədikləri. Danışırdı ki, gənc idim, Dram Teatrında tamaşaya baxırdıq. Əlavə edirdi ki, o zamanlar insanlar Dram Teatrına bayrama gələn kimi axışardılar, ən yaxşı libaslarını geyinər, pərdələr arasındakı fasilələrdə foyedə gəzişər, rəy bölüşərdilər.

"Həmin antraktlardan birində aralıdan Üzeyir bəyi gördüm və yerimdə donub qaldım".

Təsəvvür edirəm - qəlbi hərarətli gənc şairçün Üzeyir bəy kimi artıq əfsanələşmiş bir şəxsiyyəti canlı görmək nə deməkmiş.

"Mənim yerimdəcə bu cür heykəl kimi dayanaraq gendən onu heyranlıqla seyr etməyimi Üzeyir bəy də tutdu. Adəti vardı, burnunun altını, bığını sığallayardı. Uzaqdan mənə baxdı, bığını sığalladı, gülümsündü".

Bəxtiyar müəllim "O təbəssüm həmişə gözümün qabağındadır" söyləyirdi. Amma məgər bu, təkcə Üzeyir bəyi canlı görmüş Bəxtiyar müəllimin təəssüratıdır?

Üzeyir bəyin nur yağan çöhrəsi, hər gün səslənən və ömrümüzü müşayiət edən hər əsəri onun bu millətlə qalan təbəssümüdür. Nə qədər ki Üzeyir bəyin o təbəssümü yurdumuzladır, bu millətin ruhu da həmişə yüksəklərdə pərvazlanacaq.

Rafael HÜSEYNOV
Akademik
11 sentyabr 2025
525.az