Vüsal Yurdoğlunun şeirləri
Senet. az şair Vüsal Yurdoğlunun şeirlərini təqdim edir.
Aparma, görməsin şəhid qəbrini,
Uşaqdır, bilməsin ölür adamlar.
...Atamın qəbrinə aparmamışam,
Məni bu dünyada mənimlə qoyan
Adamın qəbrinə aparmamışam.
Anama deyirəm, təzyiqi qalxır,
Şəkəri yüksəlir, ürəyi tutur.
Ah çəkir, tutacaq bu ah da məni,
Günahkar eləyib günah da məni.
Səni and vermək də istəmirəm heç,
Heç nə də demirəm çörəyi tutub,
Oğlumu, qızımı ora aparma,
Müəllim, bu dərsi keçmə balama.
Daha mən görmüşəm, yetər, görməsin!
...Gör, nəyə sevinir, gülür, güldürür,
Gör, nəyin uğrunda ölür, öldürür,
Nəyin itkisinə ağlayır, axı,
Nəyi qazanır ki, belə sürünür..?!
...İnsanlar gözünə yaxşı görünür
Qızımın.., bilməsin pisdir hamısı,
Oğlumun, dinməsin, sussun hamısı,
Bu yaşda insanı betər görməsin.
Göstərmə, ölümlə tanış eləmə,
Zülümlə, zillətlə tanış eləmə...
Bu "qurban" millətlə tanış eləmə,
Qonağı olmasın qəbir evinin.
O qəbrə böyüklər gəlib baxsınlar,
Ensinlər dibinə bu yer üzünün,
Qalxsınlar bir dəfə həmin dağacan,
O dağ ki çəkilib neçə ananın,
Atanın bağrına... ölüb baxsınlar!
Yox, belə baxsa da ölən deyillər,
Bu dərdin tamını bilən deyillər,
Sevinci bölməyə adam bol olur,
Kədəri kimsələr bölən deyillər...
Hər kəsin ağrısı özünə qalır,
Ümid bir balaca dözümə qalır,
Təsəlli, verənin üzünə qalır,
Adam sıxa bilmir daha səbrini...
Görməsin uşaqlar o qəbirləri,
Dəyməsin bu sözüm atasına da,
Dəyməsin ağlayan anasına da.
...Qıymıram heç şəhid balasına da.
Şəhidin qəbri nur, ruhu şad olsun,
...Amma uşaqlarda qol-qanad olsun
Dünyada yaşamaq, yaratmaq üçün.
Yaratmaq, sonra da yaşatmaq üçûn.
Sabaha ümidlə gözləyə bilmək,
Dünəni ürəkdən boşaltmaq üçün.
Qəbir daşlarını öpməsin onlar,
O daşlar adamı daşa çevirir,
Qəbirlər yazı da qışa çevirir.
Dünya ağrıların var olan yeri,
Əzabın bol olan, gur olan yeri...
Hələ yarısında, lap əzəlində
Adamın bir anlıq yorulan yeri...
...Bir qəbrin yanında susub dayanıb
Əli buz, ürəyi qovrulan yeri...
Bunu yaşamasın qoy övladlarım,
Tezdir, yaşamalı daha nələr var.
Kədəri, həsrəti bilməsin üzü,
Uşaqkən, ufaqkən solmasın üzü,
Hələ sevinmələr, sevilmələr var.
...Ölüm yox, itim yox, ayrılıq da yox,
Yalnız oyuncaqlar, hədiyyələr var.
Bu bir az inanmaq ehtiyacıdır,
Bu bir az aldanmaq, lap uşaq kimi...
İnsan hər yaşında sevgi acıdır,
Uşaq böyüsə də uşaq deyilmi?!
Böyük oyunları bezdirib daha,
Əlimi hər şeydən üzdürüb daha.
Fidan balalara "Sülh" öyrətməyin
Xiyaban-xiyaban gəzdirib daha!
...Sonra öyrənərlər onlar həyatı,
Çatanda zamanı, uyğun saatı...
...Ölüm qorxusuyla göyə boy atıb
Qəbir yerləriylə başa çatmasın,
Həyatı əbədi bilsin uşaqlar.
Din də, görüm
Nə gün gördü atam burda,
Nə gün gördü, mən də görüm?!
...Görmədiyim günü harda,
Günahını kimdə görüm?!
Yaman pisdir güzəranım,
Qaçaq düşüb gəzər yanım.
Nə vaxtacan qovalanım,
Ədaləti gendə görüm?!
Sən qərar ver, şahlar şahı,
Allah sənin, sən Allahın?!
Belə qulluq olmaz, axı...
Ağasanmı sən də, görüm?!
Hər mövzuda çıxardasan,
Çağırmışam, çıx, hardasan?!
...Deyirlər ki, yuxarıdasan,
Bir aşağı en də, görüm.
Gəlirsənsə, dərdə gələk,
Düzəlmirsən, biz düzələk.
Ümid varmı, bir də gələk
Bu dünyaya, sən de, görüm?!
Bəlkə, elə budur yazı?!
Kim razıdır, kim narazı...
Əcəlinə hamı hazır,
Macalına kündə görüm...
Nə susmusan, sözün yoxmu,
Yoxsa, daha üzün yoxmu?!
Danış görüm, gözün yoxmu
Görən məni, din də, görüm?!
Çatmır
Hisslərimi açmağa
Dedim, bəlkə, cəng çatmır.
Ayağım var qaçmağa,
O da bir az ləng.., çatmır.
Cəngavərdən cəng aldım,
Ləngdim, ləngə dəng aldım.
Rəng verdikcə rəng aldım,
Baxdım, yenə rəng çatmır.
Bəyənmədim mən məni,
Sevərdinmi sən məni?!..
...Yığdım mobil nömrəni,
Gördüm, sənə zəng çatmır.