“Əgər cəhalətdən xilas olmaq istəyirsənsə, onu etiraf etməlisən… Hər cür fəlsəfənin başlanğıcı heyrətdir, inkişafı araşdırmadır, sonu isə bilməməkdir.”
Mişel de Monten haqqında müxtəlif fikirlərə rast gəlinir. Bəzi tədqiqatçılar onu skeptik, bəziləri stoik, bəziləri də ənənəvi filosof kimi təqdim edir. Volterin sözlərinə görə, Monten “filosofların ən sistemsiz olanı, amma eyni zamanda ən müdrik və ən maraqlısıdır”.
Monten 1533-cü ildə Fransada soylu bir ailədə dünyaya gəlib. Atası nüfuzlu bir bürokrat, anası isə yəhudi əsilli bacarıqlı bir qadın idi. Səkkiz uşaqlı ailədə böyüyən Monten xüsusi təhsil alıb. Atası oğlunun az olana qane olması və fiziki olaraq sağlam böyüməsi üçün hələ beşikdə ikən uzaq bir kəndin yoxsul odunçu ailəsinə təhvil verib.
Üç yaşında yenidən evə qayıdan Monten radikal təhsildən humanist təhsilə yönəldilir. Fransız dilini bilməyən bir müəllimdə evdə Latın dilini öyrənməyə başlayır. Eyni zamanda evdəkilərə balaca Monten ilə fransızca danışmaq qadağan olunmuşdu. Beləliklə Monten ana dili olan Fransız dilində danışmadan Latin dilini öyrənmişdi.
Gənc Monten mükəmməl təhsil almışdı. Səhər yuxudan məcburən qalxıb beynini korlamasın deyə musiqi sədaları altında oyadılırdı. Ciddi qadağaların, təsirlərin və təzyiqlərin olmadığı bir ailə mühitində böyüyən Monten bütünlüklə azad və sərbəst düşüncənin sahibi olmuşdu.
“Təcrübələr” əsərində özünün yumuşaq və uyğun, eyni zamanda anlayışsız, vecsiz bir tənbəl olduğunu, bu vecsizliyin altında cəsarətli fikirlərin və yaşamın üstündə təcrübələrin yer aldığını bildirmişdi.
Monten on üç yaşına kimi Guyyene kollecində təhsil almışdı. Bu öz iradəsi ilə hərəkət edən Monten üçün ağır dövr idi. Çünki şagirdlər dərslərini əzbərləməli idi. Monten isə bütün bunları mənasız hesab edir və qeyd edirdi ki, “istək və həvəsi mənimsətməkdən önəmli heç nə yoxdur, başqa cür ancaq kitab yüklü eşşəklər yaradılır”.
Montenin gələcək təhsil düşüncələri və atasının dəstəyi onu hüquq və siyasət elminə yönəltmişdi. İyimi bir yaşında vergi məhkəməsində, daha sonra Bordo məclisində çalışıb. Burada məsləkdaşı olan və müasir siyasətin təməlini qoyan La Boetie ilə dostluq edir. Bu dostluq Montenin fəlsəfi dünyagörüşünü formalaşdırır. “Təcrübüələr” əsəri də La Boetienin adına ucaldılmış abidə kimi əks olunur. Ancaq bu dostluq uzun sürmür. Cəmi otuz üç yaşında yoluxucu xəstəliyə tutulan La Boetienin və atasının ölümündən sonra Montenin həyatı dəyişir.
Yaşamağı çox sevən və ölüm haqqında stoiklərin fikirlərinə əsaslanan Monten ölümə yaxınlaşdığını hiss edəndə dəhşətə düşmüşdü. O, otuz səkkiz yaşında inzivaya çəkilmiş, dünya ilə əlaqəsini kəsmişdi. Artıq özündən başqa heç kimə xidmət etmək istəmirdi. Siyasətdən, toplumdan, iş həyatında yorulmuşdu. Monten atası kimi yaxşı idarəçi, yaxşı həyat yoldaşı ola bilmədi. O inzivaya çəkilənə qədər yalnış həyat yaşadığını hiss edirdi. Bundan sonrakı həyatını düzgün yaşamaq, düşünmək və dəyərləndirmək istəyirdi.
“Yaşamaq və ölmək” sualına kitablardan cavab axtarırdı, dünyanı dərk etmək üçün kitabxanasının divarına latınca bu sözləri yazmışdı: “Həzrəti İsanın doğumunun 1571-ci ilində, mart ayının ilk günlərində, sarayda qul kimi işləməkdən və rəsmi işlərin yükündən çoxdan yorulmuş, ancaq hələ gücü olan otuz səkkiz yaşındakı Mişel de Monten sənətin bakir qucağında dincəlməyə qərar vermişdi”.
Bu sözlər xarici dünya ilə əlaqənin kəsilməsi mənasına gəlirdi. Monten həmin günə qədər başqaları üçün yaşamışdı, indi isə özü üçün yaşamaq istəyirdi. Öz hücrəsinə çəkildiyi on ili ancaq kitabların əhatəsində, səssiz, sakit bir mühitdə keçirdi. Əlbəttə bu Montenin bütün günü oxuduğu mənasına gəlmir. Ancaq kitabların varlığı belə Montenin xoşbəxtliyi demək idi. Montenə görə kitablar boşboğazlıq edən, mənasız və sıxıcı adamlar kimi deyil, kitablar çağırılmadığı vaxt gəlməz və onu narahat etməz. “Təcrübələr” əsərinin yazılması da məhz bu hücrədə gerçəkləşdi. “Hər dəfə yenidən yaşayırıq”- deyirdi.
Monten düşüncələrində dəyişkənliyi ilə seçildi. Bir gün epikürçü, sabah stoik, o biri gün isə skeptikdir: “Hər şeydir və heç bir şeydir, həmişə başqa bir insan, eyni zamanda həmişə eyni insandır”.
“Təcrübələr” əsərinin bir qayəsi var: bu da Montenin yaşam tərzi ilə səsləşir: “Mən və mənin özü”. “Mən kiməm?” sual edər özünə. Monten “mən”in kənarına çıxmağa çalışar, özünə başqasının gözündə baxmaq istəyərdi. Özünə qulaq asar, özünü izləyərdi. Ona görə dünyanın ən önəmli məsələsi insanın özünün dərkidir. Sənətin ən böyük olanı özünü ayaqda saxlamaq sənətidir.
Monten həyatı ölçüsüz sevərdi. Bildiyi yeganə qorxu ölüm qarşısında duyğudu qorxudur. Həmçinin həyatda hər şeyi olduğu kimi sevərdi: “Təbiətdə heç nə, hətta məqsədsizlik belə məqsəddən kənar deyil, kainatda yerində olmayan heç nə yoxdur”.
Monten özünü kəşf etmək məqsədilə on yeddi aylıq səyahətə çıxır. Almaniya, İtaliya, İsveçrəni ziyarət edir. Səyahətinin sonunda qəribə bir hadisə baş verir. Özünün də xəbəri olmadan Bordo bələdiyyəsinin sədri seçildiyini öyrənir. Halbuki on ildən çoxdur ki, heç bir siyasi fəaliyyətlə məşğul deyildi. Kralın əmri ilə sədrlik etməyə məcbur olur. Qısa zamanda rəğbət qazanır. Ancaq həmin vaxt ölkədə daxili çəkişmələr başlayır. Daha sonra isə vəba xəstəliyi yayılır. Monten şəhərdən qaçır.
Altı aydan sonra şəhərə qayıdanda şəhər əhalisinin yarısının öldüyünü öyrənir. IV Henri taxta çıxanda ona yeni vəzifə təklif edir. Ancaq Monten bu təklifi qəbul etmir. Yenidən öz hücrəsinə çəkilir. Ancaq bu dəfə Monten yorğun düşmüş, tükənmişdi.
Monten 1592-ci ildə böyrək daşı infeksiyasından dünyasını dəyişir. Onun bu sözləri fəlsəfə tarixinə həkk olunub: “Dünya ilə maraqlanma, çünki onu nə dəyişdirə bilərsən, nə də daha yaxşı edə bilərsən. Sən özünlə maraqlan və öz içində xilas oluna biləcək nə varsa, onu xilas et. Başqaları dağıdarkən, sən inşa et. Dəlisovluğun arasında ağlını qoru, özünü dünyadan uzaq tut, özün üçün ayrı bir dünya qur”…
Tural Cəfərli
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür