senetaz

Həsən Əliyev 80 D

12 Fevral 2026 1567

Yapon cəmiyyətinin portreti: Mişimanın kitablarını niyə oxumalıyıq?

Yapon cəmiyyətinin portreti: Mişimanın kitablarını niyə oxumalıyıq?

Yukio Mişimanın yalnız rəsmi sənədləri imzalayarkən istifadə etdiyi əsl adı Kimitake Hiraoka idi. O, atasından yazıçılıq istedadını gizlətmək məqsədilə hələ 16 yaşında özünə təxəllüs seçmişdi. Atası oğlunun ədəbi cəhdlərinə dözə bilmir, şeirə bənzəyən hər cür qaralamanı cırıb atmağa çalışırdı. Lakin bu münasibət Mişimanı əvvəlcə “Oğrular” romanını, ardınca isə avtobioqrafik səciyyəli, böyük uğur qazanan “Maskanın etirafı” əsərini nəşr etdirməkdən çəkindirmədi. Mövzusunun — homoseksuallıq məsələsinin — birmənalı qarşılanmaması səbəbindən kitab hamı tərəfindən eyni dərəcədə müsbət qəbul edilməsə də, olduqca populyarlaşdı və Mişimaya onun üslubuna vurğun ilk oxucularını qazandırdı.

28 yaşına çatanda Yukio artıq öz əsərlərinin toplu nəşrinə sahib olan ən gənc yapon yazıçısı idi. Redaktorların xatirələrinə görə, o, mətnlərini birbaşa təmiz variantda yazır, demək olar ki, heç vaxt düzəliş etmirdi. 40 roman və 18 pyesdən ibarət zəngin yaradıcılıq siyahısına və ümumi tanınmaya baxmayaraq, Mişima üç dəfə Nobel mükafatına namizəd göstərilsə də, bu mükafatı ala bilmədi.

Yukio Mişimanın həyatı 45 yaşında faciəvi şəkildə başa çatdı. Müharibədən sonra dəyişdirilmiş Yaponiya konstitusiyasından, xüsusilə dövlətin müharibədən və ordu yaratmaqdan imtinasını bəyan edən doqquzuncu maddəyə edilən düzəlişlərdən narazı olan yazıçı silahlı qiyam təşkil etdi. O, özünün sağ radikal və imperatoru ilahiləşdirən “Qalxan Cəmiyyəti” adlı özəl hərbi təşkilatı ilə birlikdə Tokionun İtiqaya rayonunda yerləşən Özünümüdafiə Qüvvələrinin Şərq diviziyasının bazasına daxil oldu. Qarnizon əsgərlərini meydana topladıqdan sonra ordunun və imperatorun rolunun əhəmiyyəti barədə alovlu çıxış etdi, lakin heç kim buna əhəmiyyət vermədi. Təhqir olunmuş və alçaldılmış yazıçı sonda seppuku — ənənəvi ritual intiharı — həyata keçirərək həyatına son qoydu.

Yukio Mişimanın kitabları meditativ oxunuş tələb edir. Onun yapon ruhunun kvintessensiyasına çevrilmiş zərif romanlarını hər dəfə yenidən oxuduqca, Günəşin doğduğu ölkənin mədəniyyətinin və insan ruhunun yeni qatları açılır. Onun yaradıcılığını sitatlara bölüb divarlardan asmaq, bu sözlərdə dərin məna tapmaq, onu itirmək və yenidən kəşf etmək istəyi yaranır.

Mişima hələ uşaqlıqdan başqalarından fərqli olduğunu anlayırdı. O, qəddarlıq səhnələrinə cəlb olunur, ölümün simasında gözəllik axtarırdı. Gündəliklərində yazırdı: “Mən kimisə öldürmək istəyirəm, al-qırmızı qanı görmək arzusundayam. Kimisi qadınlarla uğursuz olduğu üçün sevgidən yazır, mən isə ölüm hökmü almamaq üçün roman yazıram”. Bir dəfə təxəllüsünü çin heroqlifləri ilə yazmağa qərar vermiş və simvolların “Ölümə valeh olan şeytan” kimi yozulduğunu görüb buna sevinmişdi.

“Dostum Hitler” adlı qalmaqallı pyesdə dostluğun dağılması, “Qızıl məbəd”də yanan müqəddəs məkanın sarsıdıcı obrazı, “Ziyafətdən sonra” romanında həzzlə sərhədlənən məişət zorakılığı və “Maskanın etirafı”nda balaca Kimin narahatedici, qanlı fantaziyaları — bütün bu obrazlar və duyğular bir-biri ilə bağlıdır. Onları birləşdirən cəhət müəllifin insanın qaranlıq tərəfini dəhşətli, lakin cazibədar işıq altında nümayiş etdirmək istəyidir.

Mişima müharibədən əvvəlki Yaponiyanın dirçəldilməsi ideyasına valeh idi. O, burjua rahatlığını qəbul etmir, nostalji ilə keçmiş dövrü arzulayırdı. Bu incə melanxoliya hissi onun yaradıcılığının ümumi fonuna çevrilmişdi. Məsələn, “Kekonun evi” romanında illüziyaların itirilməsi, məcburi dəyişiklik və ölkənin gələcəyinə baxışların yenidən qiymətləndirilməsi xüsusilə kəskin hiss olunur. “Ziyafətdən sonra” romanında isə artıq yaşlı bir qadının səmimi hissləri böyük pulların və çirkli siyasi oyunların altında tapdanır. Lakin müəllifi düşündürən təkcə keçmişə qayıdış ideyası deyildi.

Onun romanlarında ideyanın insan üzərindəki təsiri — bəzən dağıdıcı, bəzən ilhamverici gücü — araşdırılır. “Qızıl məbəd”də şagirdi gözəlliyi daha mükəmməl edə biləcək ölüm fikri əsarətə alır. “Ziyafətdən sonra” romanında ləyaqətli qocalıq haqqında fərqli baxışlar Kazu ilə Noguçinin ailə münasibətlərində münaqişəyə çevrilir. “Kekonun evi”ndə isə qəhrəmanlar özünüməhvetmə ideyasından xilas və ya kəffarə yolu kimi yapışırlar. Ölüm estetikası da onun yaradıcılığından qırmızı xətt kimi keçir: “Maskanın etirafı”nda ölüm şəxsiyyətin inkişafının zirvəsi kimi, “Satılan həyat”da varlığın dəyərinin ölçüsü kimi, “Ziyafətdən sonra”da zadəgan ailənin fonunda qəbiristanlıq sükutu kimi, “Kekonun evi”ndə isə qaçılmaz son kimi təqdim olunur.

Yukio Mişimanın yaradıcılığı ilə tanışlığa haradan başlamaq lazım olduğunu demək çətindir. Çünki onun bütün romanları diqqətə layiqdir. Lakin ilk addımlar üçün “Qızıl məbəd”, “Maskanın etirafı” və “Ziyafətdən sonra” əsərlərini seçmək tövsiyə olunur.