Yeyər ömrü qız ahı...
Həyatı əllərində
Sönmüş çıraq kimiydi...
Seçəmmirdi insanı-
Yaxın qıraq kimiydi?...
Üzü xəzan yarpağı,
Əlləri qabar idi...
O keçdiyi küçələr,
İndi dardan, dar idi...
Necə qəribsəmişdi,
Dost tanışdan aralı...
Meyli hara ilişsə,
Ehh, olardı oralı...
Neçə-neçə ürəkdən
Süzdürdü o sazağı.
Ona demişdim vallah,
"Yeyər ömrü qız ahı!"
Dünən gözümdə qalıb...
Sabaha yox gümanım
Dünən gözümdə qalıb...
Dünənlərin gecəsi
Hopub üzümdə qalıb...
Hər gün öz cığırını
Salar üzümdən asta...
Dünya öz ocağını
Qalar sözümdən asta...
Dilim nəğmə hörəcək
Əcəl sinə gərəcək...
Bir də ruhum görəcək
Özüm sözümdə qalıb...
Yoxluğun yaxın mənə...
Həsrətin yeddi arşın,
Yoxluğun yaxın mənə.
Bir eşq duasına dön
Astaca oxun mənə.
Mən yorardım yolları
Bu dərd məni yormasa...
Arada zəng et barı
Sevinim heç olmasa...
Həsrətindən tutuşar
Yanar ağzımda dilim...
Yenə küsülü qaldıq
Heyf getdi bir ilim...
Məni yuxuda görsən
Balıncını tərs çevir...
Nə olaydı gözlərin
Deyəydi "səni sevir"...
Xəbərim olmasın...
Gedəndə gecə vaxtı get
Yatım, xəbərim olmasın...
Şirin-acı yuxuları
Qatım, xəbərim olmasın...
Qaralar qarışsın ağa,
Göyə qalxım dönüm buğa.
Yata-yata ayrılığa,
Çatım, xəbərim olmasın..
Eşqin süzülsün qanımdan,
Canın çıxmasın canımdan,
Keçsin qoy illər...yanından
Ötüm, xəbərim olmasın..
Talem...
Dünənlər gözünü süzdürüb gedir
Açılan sabahlar baxır qıyğacı...
Ömür qaçır belə, gün qaçır belə
Hər an bir az yeyir ömür sayğacı...
Mən hünərli oğul, olammadım! Yox!
Təkliyin evini yıxa bilmirəm...
Bəxtimdən bağlıdır iki qolum da,
Hirsimi dizimdən çıxa bilmirəm...
Bir yola daş olsam, yolçusu olmaz...
Yağışa çevrilsəm, torpaq istəməz...
Mən elə bəxtindən kəm adamam ki
Qızılbalıq olsam, qarmaq istəməz...
Mənim taleyimin yığvalıdır bu;
Bir-iki misrayla yetiklənmişəm...
Dünyaya gəlişim, nahaqmış, nahaq!
Cahanın saçına düşən dənmişəm!
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür