Kitab qurdu Xan nesriyyati

Həsən Əliyev 80 D

30 Sentyabr 2023 1700

Zəfər ardınca Zəfərin qutlu olsun, Azərbaycan! - Şəmil Sadiq yazır

Zəfər ardınca Zəfərin qutlu olsun, Azərbaycan! - Şəmil Sadiq yazır

Millət olaraq son iki yüz ildə o qədər məğlubiyyət görmüşük ki, özümüzə inamımız itib. Hansımızsa böyük uğur qazananda, yaxşı işlərə imza atanda, inanmır, “Arxasında kimsə var” – kimi fikirlərlə o uğuru gözdən salırıq.

Azərbaycan dövlətinin son üç ildə gördüyü işlər də bu qəbildəndir. O qədər möhtəşəm anlar yaşanır, o qədər uğurlu addımlar atılır ki, inana bilmirik. Bir də düzünü deyim, dövlətin atdığı son addımlar, görülən işlər öyrəşdiyimiz işlərdən deyil. Murad Adcı “Qıpçaq çölünün yövşanı” kitabında deyir ki, türkün orduda, biləkdə gücü nə qədər böyükdürsə, siyasətdə bir o qədər zəifdir. Elə ona görə də çinlilərə məğlub oldu. Azərbaycan dövlətinin əldə etdiyi Zəfər o qədər zərifdir ki, bir az bizə yad gəlir. Etiraf edim ki, işi görməmiş hay-küy salıb gözdən salan, görəcəyimiz işi başqalarına öncədən bəyan edən və nəticədə, zərər görən cəmiyyətik. Amma Azərbaycanın Qarabağ mövzusunda apardığı siyasət biləyimizin gücü qədər möhtəşəmdir. Dəmir yumruq güclü olduğu qədər siyasət kimi incədir. Apardığımız mübarizə ənənə ilə çağdaşlığın vəhdətindən doğur! Köhnə bacrıqlarımızı unutmadan yeni bacarıqlar qazanmış, gücümüzü artırmışıq.

Möhtəşəm tarixi anlar yaşayırıq. Özümüzün də inana bilmədiyimiz tarixi anlar. Xalqımız, millətimiz bu mövzuda özünü xoşbəxt hiss edir, sevinir. Şəhidlərə, itkilərə baxmayaraq sevinə bilir. Çünki qalibik! Çünki başımız dikdir, çünki qisasımızı məhz özümüzə məxsus alırıq.

Qarabağ ətrafında gedən proseslər o qədər incəliklə işlənir ki, bəziləri buna inana bilmir, bu uğurun arxasında qlobal güclər axtarır. Mən isə bu mövzuda həmişə pozitiv olmuşam; özümüzə, gücümüzə inanmışam. Bunu mənə yaşadığım və keçdiyim həyat yolu təlqin edir. Başqasının uğuruna qulp qoymaq, mənfi nəsə axtarmaq, onu gözdən salmaq uğursuz, bacarıqsız insanların xislətindədir. Lap belə qlobal güclər durub arxamızda! Bunun özü də bacarıq, qabiliyyət deyilmi? Bu bizim gücümüz deyilmi? Avropa sistemlə, konseptlə işləyir bütün sahələrdə, Şərqdə isə güclü lider olmayanda iş getmir. Bu gün bizim güclü liderimiz, Napoleonun sözü olmasın, özünü təkbaşına Azərbaycan hiss edən Ali Baş Komandanımız var! Biz də millət olaraq, dövlət olaraq ona güc vermək, ondan güc almaq kimi bacarığa sahibik.Bununla fəxr etməyi bacarmalıyıq. Başa düşürəm, qəbul edə bilmirsiniz; ya sevgidən, ya nifrətdən. Ona görə sevgidən ki, bu cür ciddi uğurlara çox alışmamışıq, içimizdə az da olsa, narahatlıq var. Bu başa düşüləndir. Ümid edirəm, buna alışarıq, öyrəşərik. Bizim üçün adiləşər. Amma hansısa məmura nifrətdən, kindən, paxıllıqdan buna kölgə salmaq istəyirsinizsə, o zaman sizin içinizdə şeytan yatıb, ruhunuz satılıb, paxıllıq sizi çürüdür. Hələ bunu açıq-açığına büruzə vermək, yazısında, əsərində göstərmək cəhdləri də önəmsizdir. Sizə ancaq bizim uşaq vaxtı dediyimiz sözü demək olar: “Əc-cəb edirik, əlimizin içindən də gəlir. Onun içində fıdnıq var, onun da içindən gəlir!” Bu ifadə nə qədər gülünc, nə qədər yüngül görünürsə, sizin əməlləriniz də bir o qədər yüngül və cılızdır. Bunun adını nə müxalifətçilik qoyun, nə demokratiya! Azərbaycan xalqına qarşı törədilən o vəhişliyin qarşısına bu qədər soyuqqanlı, sevgi ilə alınan qisas çıxırsa, bu sizin dərk etməyəcəyiniz qədər insanlıqdır, demokratiyadır.

Bu ikinci zəfər xalqımı, millətimi gücləndirir, ruhunu yeniləyir! Bilgə xaqan necə deyib? “Ey türk milləti! Silkin və özünə dön! Sən özün olanda güclü olursan!” Artıq özümüzü tanıyır, vətən oğullarının gücünü görürük! Bu yeni ruhlu millətin formalaşması deməkdir; bunu yaxın beş-on ildə daha yaxşı görəcəyik!

Zəfər ardınca Zəfərin qutlu olsun, Azərbaycan!

Şəmil SADİQ