senetaz

Həsən Əliyev 80 D

03 Aprel 2025 1451

“Türk” etnonimi və törələri - Yunus Oğuzun araşdırması

“Türk” etnonimi və törələri - Yunus Oğuzun araşdırması

(Əvvəli burada)

Strabon özünün məşhur "Coğrafiya" kitabında yazır:

"Müqəddəs Burun da daxil olmaqla qərb sahilləri düz TAQ çayının töküldüyü yerə qədər İberiyanın (müasir İspaniya və Portuqaliya əraziləri nəzərdə tutulur. - Y.O.) qərb tərəfinin başlanğıcıdır.

Cənubdan isə - Ana çayının töküldüyü yerə qədər cənub tərəfin başlanğıcıdır. Hər iki çay mənbəyini şərqdən götürür. Amma TAQ o biri çaylardan daha böyükdür və birbaşa qərbə axdığı halda, Ana cənuba dönərək vilayəti İkiçayarasına salır... Ölkənin dərinliklərində KARPATAN, OREATAN və VETTONLAR (kursiv mənimdir- Y.O.) yaşayırlar... Bu əyalətdən mənbəyini Ana və Taq çayları kimi eyni yerdən götürən BATİY çayı axır..

...Çayın adına uyğun olaraq ölkə Batik adlanır, əhali isə onu TURDETAN adlandırır. Arada əhalini turdetan, bəziləri isə turdul çağırırlar. Bir sıra yazarlar onları bir xalq, bir qismi isə müxtəlif xalqlar hesab edir. Axırıncıya Polibi aiddir və təsdiq edir ki, turdullar turdentlərin şimal qonşusudur, amma indi onların arasında heç bir fərq tapmazsan. Turdentlər iberiyalılar arasında özlərini ən mədəni hesab edirlər. Onların əlifbası mövcuddur, qanunlar və öz tayfalarının tarixinə aid poemalar yazırlar (özlərinin dediyi kimi, yazılarının 6000 il yaşı var).Başqa iberiyalılar da yazı ilə tanışdırlar, amma onların hərfləri fərqlidir, belə ki, onların dilləri ayrıdır".

Göründüyü kimi e.ə. I əsrin sonunda, eramızın əvvəllərində Avropanı gəzən və qələmə alan Strabon bizə türk toponimləri, hidronimləri və etnonimləri haqqında kifayət qədər məlumat verir. Bunun üzərindən sükutla keçmək mümkün deyil.

Başlayaq Strabonun İberiyada göstərdiyi TAQ və ANA hidronimlərindən. Adi gözlə də, heç bir şərh vermədən görmək olur ki, hər iki çayın adı türkcədir. Bəs bu qədər türk toponimləri, hidronimləri və etnonimləri e.ə. I əsrdə indiki İspaniya ərazisinə necə gedib çıxıb? Nəzərə alaq ki, bu adların bu yerlərdə öz təsdiqini tapması üçün yüz illər, bəlkə də min illər gərəkdir. Bəzi tarixçilər təsdiq edirlər ki, e.ə. V əsrdə biz qədim türklər olaraq Mərkəzi Asiya çöllərindən kənara çıxmamışıq. Elə isə bu adlar Avropanın qərbinə necə gəlib çıxdı? Haradan qaynaqlanır bu adlar? Özü də bu adları Strabon yunan dilinə tərcümə etmir. Yerli xalqlar bu adları necə söyləyir və tələffüz edirsə, Strabon da elə yazır.

Məlumdur ki, "TAQ" sözü indi də bir çox türk dillərində, o cümlədən də Azərbaycan türkcəsində işlədilir. "Taq (ğ) Azərbaycanda üzüm ağacının bir qoluna deyilir. "Taqım" orduda alayın bir hissəsidir. 1969-cu ildə Leninqradda (indiki Sankt-Peterburq) nəşr olunan "Qədim türk sözlüyü" kitabında "taq" sözü bərkidilmək, nəyinsə bir hissəsi anlamını verir.

Qeyd etmək lazımdır ki, qədim şumer dilində bu söz müasir türk dilindəki kimi "birlədirmək", "yaışdırmaq", "sancmaq" anlamlarını verir.

XI əsrdə yaşayıb-yaratmış M.Kaşğari də taq və tağ sözlərini eyniləşdirir. Bundan başqa müəllif "tağ" sözündən əmələ gələn sözlərə də diqqət yetirir:

Tağay - dayı;

Tağık - dağa çıxmaq;

Tağıl - korlamaq;

Tağla - dağılmaq.

Strabonun göstərdiyi "Ana" çayının adı isə - minillərdir "ANA,APA,ABA" kimi işlədilən bu söz şumer dilində də "AMA" kimi işlədilmişdi.

"Qədim türk sözlüyü"ndə də "ana" sözü indi başa düşdüyümüz anlamda verilir.

Daha sonra Strabon qeyd edir ki, ölkənin dərinliklərində karpatan, oretan və vettonlar yaşayırlar. Maraqlıdır ki, bu etnonimlərə indiyə qədər bizim türkoloqlar diqqət yetirməyiblər. Göründüyü kimi bu sözlər mürəkkəb sözlərdir və təmiz türkcədir. Fonetik dəyişikliyə uğrasa da bu sözlərin anlamı bu gün də başa düşülməkdədir.

Strabon qeyd edir ki, bu əyalətdən Batiy çayı axır və çayın adına uyğun olaraq ölkə Batik adlanır, əhalisi özünü turdul deyə çağırır. Turdullar haqqında yuxarıda bəhs etdik.

Qeyd etdiyimiz kimi İberiya Avropanın lap şərqində yerləşir, yəni günəşin batdığı yerdə. Bu baxımdan çay qərbə axdığı üçün çayın adı Batiy, ölkə isə çayın adına uyğun Batik adlanır.

Mahmud Kaşğaridə də Bat sözü müxtəlif mənalar verir:

Bat - batmaq, gözdən itmək;

Batıs - bataqlıq, çayın dərin yeri;

Batsıs - qərb;

Batur - batırmaq, bağlatmaq.

"Qədim türk sözlüyü"ndə də "bat" sözü müxtəlif çalarlarda və mənalarda işlədilir:

"I Bat - üzümün suyunun sıxılması,

II Bat - pis, gərəksiz,

III Bat - tez, cəld; iglig ersar bat onulurkim xəstədirsə tez sağalar.

IV Bat - batmaq, baş vurmaq; kün batti - günəş batdi"

Bu gün də dilimizdə işlədilən sözləri - günəş çıxan tərəfi Doğu, günəş batan tərəfi Batı, şimalı - Quzey, cənubu isə Güney kimi işlədirik.

Daha sonra Strabon yazır:

"... Məhz bu körfəz vilayətində iberiyalılar bastetan adını daşıyırlar (onlara bastul da deyirlər)... Kalpa dağı yerləşir...

Əgər daxili dənizdən xarici tərəfə üzsən, bu dağ sağda qalır, ondan 40 stadiya kənarda Kalpa şəhəri yerləşir...

... Bunlardan daha güclü və şöhrətlisi isə əsası Marsel tərəfindən salınmış Kordubdur...

... İberiyalı keltlər arasında Konisturq, liman şəhərləri arasında isə daha məşhuru Asta şəhəridir...

Hər halda, təbiətlə tanış olan insanlar... Bu yerlərdə özləri üçün şəhərlər və başqa yaşayış yerləri saldılar. Bu şəhərlər siyahısına bunlar daxildir: Asta, Nabrissa, Onoba, Ossonoba, Menoba və başqaları...

... Salaq sakinləri əsrarəngiz və zərif parçadan hazırlayırlar...".

Çox güman ki, Bastul / Basdul kimi işlənə bilər. "Bas" sözü feil funksiyasını daşımasına baxmayaraq, müxtəlif formalarda indi də müasir dilimizdə işlədilməkdədir; basmaq, basdırılmaq, basdırma, basıntı (toplantı), basar, Basqal və s. Qeyd edək ki, Qaraxanlılar dövlətində bir türk tayfasının adı Basmal idi.

M.Kaşğari "Divanü-lüğat-it-türk" kitabında "Bas" sözünün müxtəlif anlamlarını verir:

"Bas = basmaq,üstünə çökmək, yıxmaq, qamarlamaq;

Basa = sonra;

Basar = dağ sarmaşığı;

Basık = düşmən tərəfindən basılmaq;

Basın = zəif saymaq, zülm etmək;

Basruk = basqı.

"Qədim türk sözlüyü"ndə də "bas" sözü müxtəlif çalarlarda verilir:

"1.bas - basmaq; iğac, qaya qum bari gop basar - ağac, qayalar, qum hamısı tam sıxır;

2.bas - möhür vurmaq; tamqalarımızı basip bertemiz - biz öz möhürümüzü vurduq;

3. bas - sıxmaq, basıb keçmək;

4. bas - hücum etmək; qirqiz bodiniq uda basdimiz - gecə qırğız xalqına hücum etdik;

5. bas - əldə etmək; er qızı basdi - kişiqadını əldə etdi;

Basa - sonra; men anda basa keldim - mən ondan sonra gəldim.

Basal - soğan;

Basan - yas;

Basar - dağ sarımsağı;

Basquci - idarə edən, hakim;

Basiq - gecə hücumi;

Basil - idarə olunan;

Basin - məğlub olan;

Basinc - sıxışdırılan".

"Dul" sözü ilə bağlı "Türkün gizli kitabı" kitabında yazırdıq:

"D.Aytmuradov çinşünas İ.Biçurinə istinadən qeyd edir ki, "dul+qa" bir çox türk tayfalarında dəbilqə mənasını verir. Müasir Azərbaycan dilində də "dulusçu" sözü indinin özündə də əldə saxsı qablar düzəldən sənətkara deyirlər. Bəlkə də "basdul" sözü saxsı qablar basan, yəni düzəldən tayfalara deyirlərmiş.

Azərbaycanda əri və ya arvadı ölmüş şəxsə dul deyirlər.

Asta şəhərinin adı da maraq kəsb edir. Belə ki, müasir türk dillərində "asta" sözü "yavaş", "ləng", "aramla" mənasını verir. "Asta yerişli" sözü indi də işlənməkdədir. "Asta" sözü "giriş qapısı" mənasındadır. Qazaxıstanın paytaxtı Astana şəhəri bu anlamdadır. Azərbaycanın cənub bölgəsində, ölkəyə giriş hissəsində Astara şəhəri yerləşir".

Qədim türkçədə "Ast" - küçə, "astın" - aşağı, alt mənasını verir.

Strabon da qeyd edir ki, liman şəhərləri arasında ən məşhuru Astadır, ölkəyə giriş buradan başlanır.

Hər halda eradan əvvəl indiki İspaniya ərazisində Asta şəhərinin olması və indiyədək bu adın eyni mənada müasir türk dillərində saxlanılması və işlənməsi, özlüyündə bir çox mətləblərdən xəbər verir. Daha bir ehtimal da mövcuddur. Yuxarıda Orxon-Yenisey abidələrindən yazanda, qeyd etmişdik ki, L.N.Qumilyov bu abidələrdən bəhs edərkən naməlum "az" tayfasının adını çəkmiş və onların haradan gəldiklərindən məlumatsız olduğunu bildirmişdir. Asta şəhərinin adı ehtimallara görə, As / az tayfasının adından götürülə bilər.

As / az tayfası haqqında professor Firudun Ağasıoğlu yazır: "Azərbaycan ölkə adının kökündəki azər boy adının yaranmasında özək olan az boyu türk etnosu içində çoxsaylı soylardan biridir. Aziya / Asiya adındakı paralellik kimi, az etnoniminin də as variantı geniş yayılmışdır. Bunun səbəbi az / as boylarının vaxtilə qədim Azərbaycandan Batı, Quzey və Doğu ölkələrə olan köçü ilə bağlıdır. Üç-dörd min ildir ki, bu boylar tarixi mənbələrdə xatırlanır". Daha sonra müəllif qeyd edir ki, müxtəlif türk xalqlarının boy-soy (tayfa-nəsil) bölgüsü kimi diqqəti çəkən və tərkibində az / as komponentini yaşadan etnonimlər maraq kəsb edir. Məsələn, başqort-katay boyundaki as, assı soyları balkarların as adlanması, A.Vamberin özbəklərin 32 əsas boy sırasında as boyunu qeyd etməsi, qırğızların azıq boyu, qədim Azərbaycan əhalisinin az adlanan bir qisminin sonralar azər boyu kimi tanınması az / asların türklüyünə şübhə qoymur.

Maraqlıdır ki, Az tayfasının Troyadan (müasir Türkiyə ərazisindən - Y.O.) Avropa və İslandiyaya köç etməsi haqqında "Kiçik Edda" abidəsi də lazımı qədər və ətraflı məlumat verir. Hətta orada qeyd edilir ki, aslar Troyadakı (Turoba) adətləri, Türkel, Anar, Atlı kimi şəxs adlarını və digər toponimləri özləri ilə Avropaya aparmışlar. Yeri gəlmişkən, yəhudi yazarı Rafail Nidelman özünün "İnsan tarixində müəmmalar, sirlər və kodlar" kitabında Troya haqqında maraqlı məlumat verir. O yazır ki, Sultan Mehmet Fatih 1453 -cü ildə İstanbulu fəth edəndə belə bir ifadə işlədib: "Konstantinopolu almaqla mən Troyanın yerlə-yeksan olunmasının qisasını alıram". Hələ bir neçə il əvvəl "Türkün tarixinə yeni baxış" kitabında yazmışdım ki, Avropada VII əsrdən başlayaraq "türk" sözünün şərhini verməyə çalışıblar. Bu o zaman başlanıb ki, Troya əfsanəsi yazılı şəkildə təsdiqini tapdı və troyalıların türk köklü olduğu versiyası irəli sürüldü. Buna əsasən Troya çarı - TORQUDUS-un adının türk adına çox uyğun gəlməsi idi".

Maraqlıdır ki, Troya şahzadəsinin adı Qöktar, anasının ismi isə Qökua olub, türk adlarından heş nə ilə fərqlənmirlər. Homerin şəhadətinə görə Troyada yaşayan tayfalardan biri isə "turşa" adlanırdı.

Araşdırmaçı İlhamə Ənvərqızı "Troya-Turoya, Türk obası" kitabında "Dədə Qorqud" və "İliada" əsərlərində adların, toponimlərin, hidronimlərin müqayisəli analizini aparır. O yazır:

Adların bənzərliyinə baxaq: Homerdə Ares, "Dədə Qorqud"da Aruz, Uruz, Homerdə Peyroy, bizdə Beyrək. Homerdəki Pilemen adına adekvat olaraq "Kitabi Dədə Qorqud"da Bilgə adını göstərmək olar. Yəni Troya türkləri ilə "Dədə Qorqud" türklərinin adı bir-birinə bənzəyir. Bəzi adlar isə yaranma üsuluna görə oxşayır. Qaraca adıyla Akca (Əsərdə Aksani yazılıb), Homerdəki troyalı Bəndər (Pandar) və "Dədə Qorqud"da Dondar, turoyalı Merok və "Dədə Qorqud"dakı Şöklü Məlik, turoyalı İmbors - "Dədə Qorqud"da İmran, turoyalı Ənüz (Anxiz) və "Dədə Qorqud"dakı Bəkdüz, turoyalı Turuz və "Dədə Qorqud"dakı Dirsə, Qanturalı antoponimləri tam eyni deyilsə də, ruhən yaxındırlar. Eyni xalqa aid olduğu sezilir. Turoyadakı Gigey gölü hidronimi "Dədə Qorqud"dakı Gökcə gölünə, Turoyadakı Aksu çayı dastandakı Ağçay hidroniminə, Homerdəki Mikal dağı bizdəki Muğan toponiminə uyğun gəlir. Əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi Kassandra antroponiminin orijinalı Əsəndur şəklində idi. Turoyalı Kassandra adı "Dədə Qorqud"dakı Qazan adı ilə eyni morfemdən ola bilər. Göy-göl yaxınlığında Qazandurmaz zirvəsinin adı da maraq doğurur. Bu adı yunan tələffüzündə desək Kassandur adı ilə ortaq morfem alınır. Troyalı Troilin adı "Dədə Qorqud" oğuzlarından Qanturalın adı ilə eyni morfemlidir. "Qan+tur+al və Tur+il" .

İslandların "Kiçik Edda" abidəsində də Troyanın türk ölkəsi olduğu təsdiqini tapır:

"Troya türk ölkəsidir... Türklərin ölkəsini tərk edib..." Avropaya gələn aslar buraya türk adət-ənənələrini gətirdilər və "burada türklərin vərdiş etdiyi qanunlar tətbiq olundu".

Strabonun adını çəkdiyi "Kordub" da maraq dairəmizdədir. "Kor" sözü burada fonetik səs dəyişməsinə məruz qaldığından onu Kor / Qor kimi də oxumaq olar. Qor isə "od", "isti" mənasını verir.

"Dub" isə şumercə "gil lövhəsi", türkcə "tup" variantı isə "bişmiş kərpic" anlamınan gəlir. Əgər bunun izahını düzgün verdiksə, onda Kordubun mənası "Kərpic bişirənlərin şəhəri" izahına gəlib çıxır.

Şumer-türk əlaqələri də burada da özünü aydın göstərir. Professor E.Əlibəyzadə alman alimi Q.Vinqlerə istinadən yazır: "Bizə qədər əlib çatmış ən qədim qaynaqlar semit dilində deyil, "şumer dilində" yaranıb ki, daha sonralar bu yazıların dilini də onların dili adlandırıblar. Bizə gəlib çatmış Şumer mətnlərinin çoxunun dil xüsusiyyətlərini hələlik izah edə bilməsək də, dünyanın ən qədim mədəni dili olan Şumer dilinin ümumi xarakteri barədə kifayət qədər təsəvvür yaranıb. Bu dil əsas əlamətlərinə görə türk dillərinə uyğun iltisaqi quruluşlu dildir və semit dilinin quruluşundan tamamilə fərqlənir".

Fransız alimi E.Rexlü qeyd edir ki, qədim yazıların şəhadətini görə Babil sivilizasiyasını inkişaf etdirənlər hind-avropa dillərində danışıb, özlərini dil və mənşəcə Avropadan həqiqi və yalançı xalqlarının qohumu sayan qəbilələr olmamışlar. Arilərin bütün sahələrdə tam üstünlüyünün təsiri altında olan assiroloqlar özlərinin bu kəşfindən xeyli heyrətə gəldilər və gördülər ki, ən qədim oxşəkilli yazıların dilində İran və semit dillərinə xas cizgilər qətiyyən yoxdur. Turan və Ural-Altay dilləri ilə birbaşa qohumluq var.

Türk alimi Əhməd Cavad isə yazır: "Şumer dilinin turani dillərə bənzədiyi artıq qəbul edilmişdir. Şumerlər haqqında ən yeni və mötəbər əsər nəşr edən Volley şumerləri morfoloji cəhətdən "əski Türkcəyə bənzər" bir dildə danışdığını qəbul edir: "Şumerlər türkdür, şumerlərin türk olduğu məsələsinin çoxlu sübutları var; bizi bu qənaətə gətirən ən güclü sübut ikidir:

1. Dil sübutu;

2. Geoloji və arxeoloji sübut".

Strabon Onoba, Ossonoba və Menoba şəhərlərinin adını çəkir. Tarixdən də məlumdur ki, "oba" sözü yalnız türklərə məxsusdur və indinin özündə də əksər türk tayfaları arasında işlənməkdədir. Onoba on sülalənin, Ossonoba çox güman ki, otuz sülalənin bir yerdə cəmləşib oba salmasıdır. Şəhərlərin adlarının beləcə sıralanması bir daha təsdiqləyir ki, sülalələrin sayına görə şəhərə də sülalənin sayını təsdiq edən adlar verilmişdir. Məsələn, Menoba tək bir sülalənin saldığı şəhər kimi qələmə verilir. Güman ki, bu şəhərlərin salınması uzun bir tarixi yol keçmişdir.

Strabon daha bir şəhər adı çəkir: "Salas sakinləri əsrarəngiz və zərif parçalar hazırlayırlar..."

Burada Sal+az iki sözdən ibarət olmasına baxmayaraq, birincinin müxtəlif çalarları mövcuddur. Belə ki, "sal" sözünə həm yer, həm tayfa adlarında, həm də məişətdə, müasir dilimizdə işlədilən ifadələrdə rast gəlmək mümkündür. Məsələn, Qazan xanın qəbiləsi Salur adlanır, Azərbaycanda Salyan adlı rayon var. Yaxud heyvan kəsilən yerə sallaqxana deyirlər. "Saldaşı" məfhumu da mövcuddur. Sonralar isə "sal" sözü feil kimi işlədilib: salmaq, sallamaq və sair.

M.Kaşğari "sal" ilə bağlı müxtəlif çalar və məna daşıyan sözlər verir:

"Sal - sal, kiçik qayıq

Sal - qablardakı zeh, çini lakı

Sal - salmaq, atmaq: bir şeyə işarə vermək; götürmək; toplu hala gətirmək

Salçı - aşpaz

Salı - suvaq aləti, mala

Saltur - saldırmaq, çıxarıb atmaq

"Qədim türk sözlüyü"ndə də "sal" sözünün müxtəlif mənaları verilir:

Sal - qoymaq

Sal - atmaq, tullamaq (basin alip qodi saldi - it canavarın başından tutub aşağı tulladı)

Sal - vurmaq

Sal - qovmaq

Sal - yelləmək

Sal - təyin etmək, müəyyənləşdirmək

Salça - at növü

Salin - yazmaq"

Salas sözünün ikinci hissəsindəki aslar haqqında yuxarıda yazmışdıq.

Daha sonra Strabon yazır: "... Dağlardan o tərəfə, cənubda oretanlar yaşayır; hansı ki, sahilə - sütunların bir hissəsinə qədər uzanır. Onlardan şimalda Karpatan, sonra isə vetton və vakkeylər məskunlaşıblar. Bu ölkədən Duri çayı axır. Vakkey şəhəri isə Akuti çayının sahilində yerləşir".

"Duri" hidronimi aydın və türkcə başa düşüləndir. Sözün kökü "dur" feilindəndir və "durmaq", "dayanmaq" anlamını verir. Fikrimizcə "Duru çay", yəni "saf sulu çay" sözünü də bu hidronimə aid etmək olar.

"Akuti" haqqında isə bir az geniş danışmağa ehtiyac var. Məlumdur ki, "Ak" sözündə "k" səsi fonetik dəyişmə nəticəsində "ğ" kimi oxuna bilər, çünki yunan və roma dilində "ğ" hərfi olmadığından "ğ" "k" kimi yazılıb.

"Qədim türk sözlüyü"ndə "ak/aq/ağ" sözü aşağıdakı mənalarda verilir:

Aq = ağ (aq bulut - ağ bulud)

Aq taş = gips, təbaşir

Aq/ağ = pis hərəkət etmək ağ etmək

Aq saqal = ağsaqqal, hörmətli adam

Aq = axmaq, gömülmək (suvi aqa turur qaya tupi qaqa turur - çayın suyu fasiləsiz axır və qayanın ətəklərini yuyur).

Mahmud Kaşğaridə də "ak" sözü demək olar ki, eyni mənanı verir:

Ak = ağ, bəyaz

Aksakal = saçı-saqqalı ağarmış, qocalmış

Akatur = axıb durmaq

A.Sumbatzadə Atropatenanın etnik tərkibi haqqında yazanda İ.Əliyevə istinadən qeyd edir ki, bu ərazidə yaşayan etnik qruplar irandilli deyillər: "Bizi maraqlandıran zonada şərqdən şimala doğru kaspilər, kadusilər, utilər, ayışanlar və başqa tayfalar məskunlaşıblar, hansı ki, onların arasında heç olmasa bir tayfa da olsun irandilli yoxdur". Herodot da "Tarix" kitabında indiki Azərbaycan ərazisində və Anadoluda utilərin yaşadığını göstərir.

Albaniya ərazisində, Kürün sağ sahilində utik, Paytakaran və Arsas vilayətlərinin olması faktını bir çox mənbələr qey edirlər.

Kamal Əliyev və Fəridə Əliyeva "Azərbaycan antik dövrdə" əsərində yazırlar: "Pliniyə görə Araz çayı Atropatena ilə Otena arasından axır".

Sonralar yaşayıb - yaratmış yazıçılar Albaniyada həm utilərin, həm də Otena ölkəsinin adını çəkirlər, məsələn Evsebi Qafqazın başqa ölkələri ilə yanaşı, Otena ölkəsini də xatırladır. Utini və ya Otenanı Kürlə Araz arasında yerləşdirir". Oljas Süleymenov "Az-Ya" əsərində şumer və türk dillərində "ud" sözünün müqayisəsini vermişdir.

Şumercə

Ud - günəş, gün

Ud - od, atəş

Udun - ocaq

Udu - müqəddəs günəş ilahəsi.

Türkcə

UT (ud, ot) - günorta, zaman (qədim türkcə)

Ud (UT, OT, od) - atəş (ümumtürkcə)

UTUN (udun, otun, odun, otın) - ağac, yanacaq (ümumtürkcə)

Uduk (ıdık) - müqəddəs (qədim türkcə).

Bəzi alimlər utiləri kuti / qutilərlə eyniləşdirirlər. Nəzərə alaq ki, hun tayfalarından biri "Uturqur", digəri isə "Quturqur" adlanırdı.

Professor F.Ağasıoğlu yazır:

"Qədim Azərbaycan torpaqlarında İslama qədər çoxlu dövlətlər qurulmuşdur. Bunların xeyli hissəsi ayrı-ayrı bəyliklər səviyyəsindən yuxarı qalxa bilməsə də, bəziləri qüdrətli dövlət, hətta imperiya səviyyəsinə qalxa bilmişdir. Belə böyük dövlətlərdən "Quti eli" adlandırdığımız qədim protoazər tayfalarından olan Quti boylarının qurduğu dövlətdir. Aratta istisna olmaqla, Quti eli, Azərbaycanda qurulmuş hələlik elmə məlum olan ilk böyük dövlətdir.

Eramızdan əvvəl III minilliyin sonunda qurulan Quti dövləti 100 ilə (e.ə. 2200-2109) yaxın mövcudluğundan sonra dünya xəritəsindən silinmişdir. Firudun Ağasıoğlu qeyd edir ki, həm akkad, həm də elam yazılarında olan qutilər ölkəsində 70 boyla vuruşmuşlar: "Əlbəttə, bu boyların hamısı ayrılıqda Quti adlanmırdı, sonrakı mənbələr göstərir ki, bəzi yazılarda "Quti" adı o dövrdə həmin ərazilərdə yaşayan subar, türuk (türk), kuman, bars, börü, qarqar, azər, zəngi və s. türk boylarının ümumi adı kimi işlənmişdir".

Daha sonra Strabon yazır: "İberiya döngəsi ilə dəniz arasında birinci şəhər Tarrakondur. Bu şəhərin əhalisi Yeni Karfagenin əhalisi qədərdir".

Dünya türkoloqların "türk" sözünün "tar"dan yarandığına şübhə etmirlər. Bizdə kitabın giriş hissəsində buna qismən yer ayırmışdıq.

Məsələn, akademik N.Y.Marr türk termininin "tarxan" sözündən əmələ gəldiyini yazır. Bu heç də təsadüfi deyil, çünki bu söz tayfalar arasında üstünlüyünü bildirir, hətta onu ilahiləşdirib Allaha bərabər də tuturdu. Bununla bağlı A.N.Kononov yazır:

"Bu iqtibasda diqqəti daha çox Y.N.Marrın "türk" termininə yönəltmək istəyirəm. O, "türk" terminini başqa keyfiyyətlərlə yanaşı, həm də İlahiyə bərabər seçilmişlərə aid edir".

Sonralar tar / tur termini müxtəlif toponim, etnonim, hidronim və başqa adlarda öz əksini tapmışdır. Məsələn, uyğurlara həm tarançı deyirlər. Tatar sözü "tarlıq tatarları" sözünə bərabərdir.

Etruskların ulu babasının adı da Tarkan olub. Herodot isə iskitlər ulu babasını Tarqıtay adlandırır. O, "Tarix" kitabında yazır:

"... Bir vaxtlar hələ məskunlaşmamış bu ölkənin ilk sakini Tarqıtay adlı bir adam olmuşdur. Iskitlərin dediyinə görə, Tarqıtayın atası Zevs, anası Borisfen çayının qızıdır (iskitlər israr etsələr də biz buna inanmırıq). Belə bir əsil-nəsəbi olan Tarqıtayın da 3 oğlu varmış". Göründüyü kimi, akademik N.Y.Marr tar /tur terminini necə ilahiləşdirib Allaha bağlayırdısa, Herodot da Tarqıtayın Zevs Allahının oğlu olduğunu yazır.

Bir maraqlı söz də tar / tordur. Keçən əsrin ortalarına qədər "torum" sözü də işlədilirdi. Bu da mahiyyətcə, doğub-törəmə ilə bağlı idi. Belə ki, "torum" sözündən yaranan "törə-nəvə" Osmanlı türkcəsində də eyni anlamı verir, yəni "tor / torun"u nəsilartırma kimi anlamış oluruq.

Fikrimizcə, akademik N.Y.Marr tar / tur termininin açmasını düzgün vermiş və "türk" sözünün "tardan" yaranmasını doğru qeyd etmiş, eyni zamanda, bu sözün ilahiləşdirilmiş kimi başa düşülməsini göstərmişdir. Tar/tur/tor sözü ilə bağlı yazdıqlarımızı Firudin Ağasıoğlu da təsdiq edir. O yazır:

"Kiçik Asiyadakı Troyadan (Turova / Turoba) Avropaya, oradan da İslandiya gedən tayfaların tor / tür adlı tanrıları olmuşdur. Ona görə də island saqalarında Türkel, Turid, Toralv (Toralp?), Torlauq, Torqaut, Torleyk, Torlaq, Torarin, Torberq, Torqeyr kimi antroponimlərin kökündə as tayfalarının tor/tür şəklində işlənilən teonimi durur. Maraqlıdır ki, Tor tanrının funksiyası (A.Bremenski) "V poyedinki s velikanami; plodorodiya çerez qrozu" (C.Dumezli) şəklində bərpa olunur. Bu yozum bizim müəyyənləşdirdiyimiz tar / tür teoniminin "ölüb dirilmə" təsəvvürü ilə bağlı olması və azər dilindəki torun (nəvə) törətmək tipli sözlərdə həmin anlamın qalması ilə uyğunluq yaradır". "Ölüb-dirilmə" həm də "torpaq" sözü ilə də bağlıdır. "Torpağı öldürməsən, o səni diriltməz" kimi atalar sözü günümüzdə də işlənməkdədir.

Yunus OĞUZ
Olaylar.az
(Ardı var)